Əgər Ukrayna möhkəm təhlükəsizlik zəmanətləri əldə etmək istəyirsə, mümkün qədər çox Qərb, xüsusilə də Amerika investisiyalarını cəlb etməlidir.
Axar.az xəbər verir ki, bu barədə ukraynalı deputat Qalina Yançenko bildirib.
“ABŞ praqmatik diplomatiya dövrünə daxil olub. Onlar həmişə praqmatik olublar, amma indi bunu açıq şəkildə bildirirlər. Əgər biz hansısa təhlükəsizlik zəmanətləri istəyiriksə, ölkəmizə mümkün qədər çox Qərb vəsaiti, xüsusən də Amerika investisiyaları gətirməliyik. Çünki Qərb orduları Qərb pullarının arxasınca gedir”, – deputat vurğulayıb.
Yançenko ABŞ-ın Yaxın Şərq və Tayvanda aktivliyini məhz bu diplomatik yanaşma ilə izah edir.
Onun sözlərinə görə, Vaşinqton Tayvanda daimi iştirak edir və oradakı vəziyyəti diqqətlə izləyir. Eyni şəkildə ABŞ ərəb dünyasında baş verənlərə də xüsusi diqqət yetirir, çünki bu regionda onların iqtisadi maraqları var:
“Ukrayna isə 30 il ərzində burada Qərbin maraqlarını cəmləşdirmək üçün demək olar ki, heç nə etməyib”.