Bakı, 21 mart, AZƏRTAC
Ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rol oynayan “Könüllü DOST” proqramına bu ilin yanvar-fevral ayları ərzində 5,1 min müraciət olub, 229 nəfər proqrama cəlb edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Könüllü DOST” proqramı “Gənc DOST”, “Gümüşü DOST”, “Distant DOST”, “Korporativ DOST” və “İnklüziv DOST” kimi altproqramları əhatə edir. Müraciətlərin böyük əksəriyyəti “Gənc DOST” altproqramı üzrə olub.
Proqram iştirakçıları DOST mərkəzlərində vətəndaşların qarşılanaraq xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının idarə edilməsi, vətəndaşların məlumatlandırılması və s. işlərdə kömək göstərirlər.
Könüllük fəaliyyəti, eyni zamanda, onların xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etməyinə, fərdi inkişaf və karyera yolunda ilk uğurlu addımlarını atmağına imkan yaradır.