Türküstandan Balkanlara, İran, Qafqazdan Pakistana qədər milyonlarla insan əsrlər boyu martın 21-ni təzə təqvim ilinin başlanğıcı – rəsmi təqvimin ilk günü (yəni 1 yanvar kimi) kimi bayram edib, hər zaman sevinclə, coşqu ilə qarşılayıb.
2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. BMT Baş Assambleyasının 2010-cu ildə keçirilən 64-cü sessiyasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.
https://azertag.az/xeber/21_mart___beynelxalq_novruz_gunudur-3472699
Novruz bayramı Türkmənistan, Qırğızıstan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Əfqanıstan, İraq, İran və digər yaxın, uzaq ölkələrdə məhz martın 21-22-də qeyd edilir.
Bizim əziz Vətənimizdə isə 20 mart “Azərbaycanda Novruz bayramıdır”
https://azertag.az/xeber/azerbaycanda_novruz_bayramidir-3471999
“2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır”.
https://nk.gov.az/az/azerbaycan/bayramlar.
İstinad olunan əsaslandırma isə budur: “Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından AZƏRTAC-a bildirilib ki, yaz fəsli Azərbaycana martın 20-si saat 13:01-də daxil olub. Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika (Günəşin illik zahiri hərəkət yolu) üzrə hərəkət edərək, ekvatoru kəsməklə Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Beləliklə, həmin andan Şimal yarımkürəsində astronomik yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq”.
https://azertag.az/xeber/azerbaycana_yaz_fesli_qedem_qoydu-3472015
On illərdir Qafqaz Müsəlmanları İdarəsi Ramazan fətvası ilə necə ki Ramazan bayramını 1 milyard müsəlmanın qeyd etdiyi eyni gündən dala-qabağa çəkib Azərbaycanda çaşqınlıq yaratdığı kimi, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası da Novruz gününü saat, saniyə, metr, santimetrlə hesablayıb gətirib salır 18, 19, 20 marta, daha düşünmürlər ki, bu ölçüb biçmənin nəticələri ancaq bir qrup astrofizik üçün maraqlı ola bilər, və təbii ki, həmin cihazlardan digər ölkələrdə də var və orada heç kimin xəyalına da gəlməz ki belə absurd elmi “fətva” verələr: “martın 20-si saat 13:01-də gecə ilə gündüz bərabərləşir…”.
Bu “elmi” yanaşmalar nəticəsində uzun illərdir Novruz bayramı münasibətilə paytaxtımızda ən yüksək səviyyədə keçirilən ümumxalq şənlikləri də heç zaman təzə ilin qismətinə düşməyib, köhnə ilin – 18, 19, 20 martın ayağına yazılıb.
Unuduruq ki, Ramazan, Qurban bayramı, Həcc ziyarəti kimi hər təqvim ilində günü dəyişən dini bayramlardan fərqli olaraq, Novruz min illərdir sabit, konkret, dəqiq, dünyanın mühüm bir hissəsində rəsmən qəbul və təsbit olunan gündür – 21 martdır. İnsanlara çox sayda acı sorunlar yaşadan qarlı, şaxtalı soyuq qışın sona yetməsini, baharın gəlişini – sanki ölünün yenidən dirilməsi kimi donmuş təbiətin və insan ruhunun da oyanmasını, təzələnməsini qədim dövrlərdən çox sayda xalq bayram kimi içdən gələn mərasimlərlə cani-könüldən qutlayıb, hələ türksoylular üçün bu bayrama sevgidən yaranan Ergenekon – Ərgənəqon dastanı kimi mifik təvayətləri, müqəddəsləşdirmələri də nəzərə alsaq görərik ki Novruzu islam dini ilə birləşdirmək cəhdləri əsassızdır. Eləcə də Novruzdan əvvəlki 4 çərşənbə ilə bağlı elmi əsası olmayan ərəb-fars düşüncəsindən qaynaqlanan uydurmalar, bir çox ayinlər də sonradan tər-təmiz Novruz qutlamalarına, adət-ənənələrimizə pərçim edilib.
Bu gün 21 martdır, yaxın-uzaq türk, müsəlman ölkələri Novruzu – təzə ilin ilk gününü təmtəraqla qeyd edir. Can Azərbaycanımız isə dünya türklərini, Türk Dilli Dövlətlər Təşkilatını, müsəlman ölkələrini birləşdirən bu birlik, bərabərlik bayramını, min illərin içindən süzülüb gələn bu əziz Novruz günümüzü də ümümtürk, bir milyard insanı birləşdirən islam nəhrindən ayırırıq, təzə ilimizi köhnə ildə kutlama vərdişimizdən ayrıla bilmirik, M.Ə.Sabir demişkən, hər işimiz belədir: “Çırmanarıq keçməyə çay gəlməmiş, Başlayırıq qızmağa yay gəlməmiş…”
Bu il də təzə – yeni günümüzü artıq köhnənin gözünə vurub rahatlanmışıq, hələ 7-8 gün də tv ekranlarından dadı-duzu çıxarılan şit verilişlərə baxa-baxa də şəkərbura, paxlava, boyat aşla baş-başa qalacağıq…
İnanırıq ki, növbəti il hökumətimiz bu yanlışlığı düzəldəcək, 21 martın – Novruzun halal haqqını özünə qaytaracaqdır. Qüsurumuzu bağışla, NOVRUZ!
Quzey, Güney Azərbaycanımızın və Dünya Türklərinin 21 mart Novruz bayramı – əziz günü mübarək!
Hacı Nərimanoğlu, tarix üzrə fəlsəfə doktoru