AZ

“1905-ci ildən bəri Azərbaycana qarşı bütün soyqırımların birbaşa təşkilatçısı Rusiya olub...”

“Şübhəsiz ki, bu qırğınlarda bolşevik Rusiyasıyla yanaşı, icraçı olan ermənilərin də rolunu vurğulamamaq yanlış olardı...”
 
On illərdir ki, biz yaxın günlərdə növbəti - 107-ci ildönümünü qeyd edəcəyimiz 31 Mart Azərbaycanlıların Soyqırımın Günündən danışanda əsas nifrət hədəfi kimi daşnak, yaxud bolşevik cildinə girmiş erməniləri götürürük. Amma axı bu qətliamın xarici təşkilatçıları da olub. Həmin vaxt bolşevik Rusiyasının lideri Leninin Şaumyana “Bakını tutmaq bizim üçün çox vacibdir” məzmunlu teleqram vurması kiçik məsələ deyil.
 
Görəsən, 1918-ci ilin martından başlayaraq Azərbaycan ərazisində müsəlmanlara qarşı soyqırımın törədilməsində Rusiyanın rolu nə dərəcədə olub?..
 
Tanınmış tarixçi, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əzizlı mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib: 
 
“Xatırladım ki, XX yüzillikdə xalqımıza qarşı bir neçə dəfə - 1905-1907-ci, 1918-1920 və 1988-1994-cü illərdə soyqırımlar həyata keçirilmişdir. Həmin soyqırımların baş vermə səbəblərinin müqayisəli və tənqidi təhlili göstərir ki, onların birbaşa və əsas təşkilatçısı çar və bolşevik Rusiyası, sovet Rusiyası olmuşdur. Bunun da  məqsədi Azərbaycan xalqının milli mücadiləsinin qarşısını almaq  olub. Məsələn, 1905-1907-ci illərdə milli oyanışın başlanması, milli azadlıq hərəkatının yeni bir mərhələyə qədəm qoyması çar hökumətini ciddi narahat edirdi. Ona görə də etnik zəmində qarşıdurmalar yaratmaqla hər iki xalqı çox rahat şəkildə özünə tabe etdirmək siyasəti yürüdürdü. 1917-1918-ci illərdəki qətliam və soyqırımların arxiv materiallarının və fundamental araşdırmaların təhlili göstərir ki, həmin qırğınların təşkilində və icrasında da bolşevik Rusiyası həlledici rol oynamış və onların məqsədi Azərbaycanın müstəqillik qazanmasına mane olmaq, onun azad və firavan bir dövlətə çevrilməsinə imkan verməmək idi. O dövrdə bolşeviklərin Bakıdakı silahdaşlarına və erməni daşnaklarına verdikləri təlimatlarda da bunu aydın şəkildə görürük. Şübhəsiz ki, bu qırğınlarda bolşevik Rusiyasıyla yanaşı, icraçı olan ermənilərin də rolunu vurğulamamaq yanlış olardı. Əgər çar və yaxud bolşevik Sovet Rusiyası Azərbaycanın  müstəqillik əldə etməsinə yol verməməyi qarşısına məqsəd qoymuşdusa, ermənilər də onları Azərbaycan ərazilərinə köçürüb yerləşdirən, onlara hər cür şərait yaradan və dövlət yaratmağa köməklik etmiş Rusiyaya dəstək verməyi özlərinə borc bilirdi. Və onlar da azərbaycanlıları məhv etməklə torpaqlarını ələ keçirərək əvvəlcə özlərinə dövlət yaratmaq, sonra isə Azərbaycanın digər torpaqlarını, xüsusən də əbədi və əzəli torpağımız Qarabağı işğal etmək məqsədi güdürdü..."
 
Sultan Laçın
Seçilən
74
moderator.az

1Mənbələr