DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,
- Martın 20-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.
***
Bərdəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiki polis aşkarladı
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində əvvəllər məhkum olunan Sarvan Məhərrəmov saxlanılıb. Ondan 4 kiloqram marixuana aşkarlanaraq götürülüb. O, ifadəsində İrandan qaçaqmalçılıq yolu ilə gətirdiyi narkotikin Bərdə rayonu ərazisində satışını təşkil etmək istədiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, S.Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
**
Martın 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
**
Polis əməkdaşlarının martın 20-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
**
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 20-də çəkisi 3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
**
Siyəzəndə şadlıq evindən 22 min manatlıq oğurluq edən dəstə üzvləri saxlanılıb
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən, hazırda istifadə olunmayan şadlıq evindən oğurluq edən əvvəllər məhkum olunmuş Canlar Əhmədov, Elvin Mikayıkov və Ələkbər Musayev saxlanılıblar.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə onlar şadlıq evinə 22200 manat ziyan vurublar.
Faktla bağlı cinayət işi başlanılıb,araşdırma aparılır.
**
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Martın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 3 qumbara, 2 tüfəng, 9 patron darağı və 558 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
**
Nəqliyyat vasitəsini qaçıran şəxslər saxlanılıb
Suraxanı rayonu ərazisində bir nəfərin “Khazar” markalı avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş X.Qayıbov müəyyən olunaraq saxlanılıb.
**
Paytaxtın Nizami rayonunda da motosiklet qaçırmaqda şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırma aparılır.
**
Nəsimi rayonunda soyğunçuluq edən şəxs saxlanılıb
Nəsimi rayonunda bir qadının qızıl boyunbağısının soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı H.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
**
Nizami rayonunda oğurluq edən şəxslər saxlanılıb
Martın 19-u Nizami rayonunda yerləşən evlərin birindən 800 manat pul və 19200 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən 27 yaşlı A.Novruzova müəyyən edilərək saxlanılıb.
Rayon ərazisində daha bir oğurluq isə Naxçıvanski küşəsində baş verib. Bir qadının cibindən 500 manat dəyərində mobil telefonu talamaqda şübhəli bilinən 31 yaşlı K.Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
**
Paytaxtda silah-sursat aşkarlanıb
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Nəsimi rayonu ərazisindən 1 avtomat silahı və 2 ədəd patron tapılaraq götürülüb.
Araşdırmalar aparılır.