"Football-plus.az" xəbər verir ki, autsayderlərin duelində “Fakel”i son saniyə qolu ilə məğlub edən “Orenburq” təxminən 8 aylıq fasilədən sonra ilk qələbəsini qazandı.
Komanda sonuncu dəfə 1-ci turda “Spartak”ı məğlub etmişdi. “Ximki” ilə heç-heçə edən “Axmat”ın məğlubiyyətsiz seriyası 5 oyuna çatdısa, mövsümün ən az qol vuran komandalarından olan Mahaçqala “Dinamo”su gözlənilmədən “Krılya Sovetov”u 4 cavabsız qolla darmadağın etdi. Moskva derbisində “Dinamo”nu məğlub edən “Lokomotiv”, nəhayət, böhrandan çıxaraq 5 oyunluq qələbəsiz seriyaya son qoydu. “Loko” bu 3 xal sayəsində məhz elə “Dinamo”nu geridə qoyaraq 4-cü pilləyə yüksəldi.
Növbəti oyun gününün ilk matçında ÇSKA çətinliklə də olsa, səfərdə debütant “Akron”u yenməyi bacardı. Maraqlıdı ki, “hərbçilər” çempionatda son 6 qələbədən 5-ni səfərdə qazanıb. “Rubin”ə “Nijni Novqorod” ilə ev oyununda qələbə üçün 1 qol kifayət etdi. Kazan təmsilçisi evdə oktyabrdan bəri heç kimə uduzmur. Tura lider qismində daxil olan “Krasnodar” Rostovda minimal hesabla qalib gələrək mövsümün əsas maneələrindən birini itkisiz adladı. Çünki son 7 turda heç kimə uduzmayan “Rostov” yüksəlişdə idi.
Bu tur bütün diqqətlər “Lukoyl Arena”ya yönəlmişdi. Bu qarşılaşma “Zenit”dən daha çox “Spartak” üçün önəmli idi. Çünki ötən tur Kazandan əliboş dönən Moskva nəhəngi bu dəfə də uduzacağı təqdirdə zirvədən 6 xal geri düşəcək və faktiki çempionluq mübarizəsindən çəkiləcəkdi. Amma Deyan Stankoviçin təyinatından sonra rəqabətədavamlı komandaya çevrilən və son illərin ən yaxşı mövsümlərindən birini keçirən “Spartak” prinsipial rəqibini məğlub edərək çempionluq uğrunda sona qədər mübarizə aparmağa hazır olduğunu göstərdi.
Matçın qəhrəmanı Kristofer Martins oldu. Heç vaxt məhsuldarlığı ilə seçilməyən və belə desək, bayramdan bayrama qol vuran dayaq yarımmüdafiəçisi bu dəfə birdən-birə iki qol vurdu! “Spartak”da 4-cü mövsümünü keçirən 28 yaşlı futbolçu premyer-liqada 70-ci oyunda ilk dəfə dubl etdi. Premyer-liqa çərçivəsində 2017-nin noyabrından bəri ilk dəfə evdə “Zenit”i məğlub edən “Spartak” xal hesabında piterliləri yaxaladı.
21-ci tur
Spartak – Zenit 2:1
Martins, 45+2; 90 – Luis Enrike, 83.
Spartak: Maksimenko, Denisov, Litvinov, Babiç, Ryabçuk, Umyarov, Barko (Prutsev, 90+5), Martins, Bonqonda (Solari, 87), Markinyos, Uqalde (Qarsiya, 80).
Zenit: Latışonok, Mantuan (Sobolev, 78), Nino, Yerakoviç, Santos, Zdelar (Drkuşiç, 90), Barrios (Qorşkov, 78), Qluşenkov (Mostovoy, 68), Enrike, Kassyerra (Mimoviç, 68), Qondu.
Rostov – Krasnodar 0:1
Kobnan, 78.
Krasnodar: Aqkatsev, Petrov, Kayo, Kosta, Olasa, Çernikov, Pina, Batçi (Kobnan, 67), Krivtsov (Kozlov, 77), Olusequn (Qonsales, 88), Kordoba.
Lokomotiv - Dinamo M 2:1
Vorobyov, 38. Silyanov, 76Qomes, 45.
Lokomotiv: Lantratov, Nenaxov, Nyamsi, Fasson, Silyanov, Timofeyev, Qodyaev, Sevikyan (Tiknizyan, 46), Batrakov, Pinyaev (Sarveli, 51), Vorobyov (Süleymanov, 90+1).
Akron - ÇSKA 1:2
Xubulov, 64Qlebov, 36. Quarirapa, 59.
ÇSKA: Akinfeyev, Kellven, Diveyev, Roşa, Kruqovoy, Kislyak, Bistroviç, Oblyakov, Jemaletdinov (Fayzullayev, 77), Qlevov (Musayev, 66), Quarirapa.
Rubin – Nijni Novqorod 1:0
Zotov, 72.
Dinamo Mh – Krılya Sovetov 4:0
Ağalarov, 29; 75-p. Azzi, 38. Qadjiyev, 89.
Ximki – Axmat 1:1
Zorin, 76-öz qapısına – Zorin, 72.
Orenburq – Fakel 1:0
Bojin, 90+4-öz qapısına.
1. Krasnodar 21 13 7 1 39-13 46
2. Spartak 21 13 4 4 41-17 43
3. Zenit 21 13 4 4 40-14 43
4. Lokomotiv 21 12 4 5 37-29 40
5. Dinamo M 21 11 6 4 43-23 39
6. ÇSKA 21 11 5 5 31-15 38
7. Rubin 21 9 5 7 29-29 32
8. Rostov 21 8 6 7 32-31 30
9. Akron 21 7 4 10 26-38 25
10. Dinamo Mh 21 4 9 8 16-22 21
11. Ximki 21 4 8 9 24-37 20
12. Krılya Sovetov 21 5 4 12 20-36 19
13. Nijni Novqorod 21 5 4 12 17-39 19
14. Axmat 21 3 9 9 20-35 18
15. Fakel 21 2 8 11 11-29 14
16. Orenburq 21 2 5 14 18-37 11
Bombardirlər: Uqalde (Spartak) – 16, Batrakov (Lokomotiv), Daku (Rubin) – 11.
Növbəti turun oyunları martın 28-31-i aralığında keçiriləcək: Krılya Sovetov – Lokomotiv, Ximki – Nijni Novqorod, Axmat – Spartak, Akron – Rostov, ÇSKA – Dinamo Mh, Dinamo M – Orenburq, Krasnodar – Fakel, Zenit – Rubin.
Oyundan sonra
Deyan Stankoviç, “Spartak”ın baş məşqçisi:
“Möhtəşəm qələbə qazandıq. Fanatlarımızla birləşərək əsl şou göstərdik. Bilirəm ki, bu, “Spartak”ın evdə “Zenit”ə qarşı 2017-dən bəri ilk qələbəsidi. Amma mən hələ məşqçi karyeramın əvvəlindəyəm. Ona görə də bunu karyeramın ən parlaq zəfəri adlandırmazdım. Oyunçularımı xoşbəxt görmək məni sevindirdi. Onlar həqiqətən də bu qələbəyə layiq idilər. “Zenit”i məğlub etmək üçün 100 dəqiqə ideala yaxın performans sərgiləməlisən. Açığı, onların bərabərlik qolu bizim üçün şok effekti verdi. Amma əsas odu ki, psixoloji cəhətdən sınmadıq. Bu gün üçün çox sevincliyik. Amma çempionluq mübarizəsi gözəl və maraqlı şəkildə davam edir”.
Sergey Semak, “Zenit”in baş məşqçisi:
“Gözlədiyimiz kimi gərgin oyun oldu. “Spartak”ın fürsətləri dəyərləndirmək baxımından bəxti daha çox gətirdi. Heç də potensialımıza uyğun futbol sərgiləmədik. Lazım olan anlarda tempi artıra bilmirdik. Topa nəzarət etsək də, bunu çox ləng edirdik. Daha cəld oynamalı və qərarları daha tez qəbul etməliydik. Buraxılan qollarda özümüz səhvlərə yol verdik. Uduzmaq insana xoş hisslər bəxş etmir. Amma oyun artıq bitib. Nəticə ilə barışmalıyıq. Adətən, sabiq komandalarına qarşı oynayan futbolçular qol vurmağı bacarır. Biz də bunu düşünərək Sobolevi meydana buraxdıq. Amma bu plan işə yaramadı. “Spartak”ın ikinci qolundan öncə ofsaydın olub-olmadığını söyləmək çətindi. Mənim baxdığım yeganə təkrarda sanki Martinsin ayağı daha öndə görünürdü“.