Son vaxtlar Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında Rusiya tərəfi aktivlik nümayiş etdirir. Rusiyanın bu aktivliyi nəyə hesablanıb? Rusiya mayın 9- da tərəflər arasında sülh sazişinin məhz Moskvada imzalanmasına çalışır. Bəs bu baş tuta bilərmi?

Bu barədə Moderator.az-a danışan politoloq Yusif Bağırzadə deyir ki, Rusiyanın bu istiqamətdə aktivliyi təbii ki, öz maraqlarının təmin etməyə hesablanıb.
Politoloqun sözlərinə görə, neçə ildir ki, Ukrayna ilə müharibə səbəbilə ayrı-ayrı bölgələrdə mövqelərini itirən Rusiya indi həmin mövqeləri bərpa etməyə çalışır:
“Suriya istiqamətində aktivlik, eləcə də Cənubi Qafqazda mövqelərin bərpa olunması istiqamətində atılan addımlar bunun bariz sübutudur. Rusiya üçün vacib olan sülhün əldə olunmasından daha çox, öz maraqlarıdır. Rusiya çalışır ki, tərəflər arsında vasitəçilik təşəbbüsləri ilə həm Azərbaycana, həm də Ermənistana təsir imkanları əldə etsin. Rusiya vasitəçi qismində çıxış etmək imkanı əldə edəcəksə şübhəsiz ki, öz maraqlarının təminatı baxımından sülh sazişi mətnində nələrinsə öz əksini tapmasını istəyəcək. Bunlardan biri Zəngəzur dəhlizi ilə bağlı olan məsələdir. 10 noyabr üçtərəfli bəyanatında Zəngəzur dəhlizində təhlükəsizliyin təminatçısı kimi Rusiyanın iştirakı nəzərdə tutulub. Bu isə təbii ki, Rusiyaya həm Ermənistan, həm Azərbaycan, həm də ümumiyyətlə həmin yoldan istifadə edəcək bütün ölkələrə bu və ya digər şəkildə təsir imkanı verə bilər. Ermənistana isə Rusiyaya belə bir imkanarın verilməməsi ilə bağlı Qərbdən olduqca böyük təzyiqlər var. Məhz elə bu səbəblərdən də Azərbaycan və Ermənistan ikitərəfli danışılqarda Zəngəzur dəhlizi ilə bağlı məsələnin sülh sazişinin mətnindən çıxarılması və ayrıca müzakirə olunması ilə bağlı razılığa gəlmişdilər”.
Politoloq hesab edir ki, Rusiyanın vasitəçiliyi bizim üçün də arzuolunan deyil. Çünki ortada Rusiyanın 30 illik acı bir vasitəçilik təcrübəsi var. Və söhbət təkcə Rusiyadan da getmir:
“Təcrübə göstərdi ki, vasitəçilərin iştirakı ilə aparılan danışıqlar effektli deyil. Çünki bu zaman tərəflər təkcə öz təkliflərini deyil həmin vasitəçinin maraqlarını əks etdirən təklifləri də müzakirə etmək məcburiyyəti ilə üzləşirlər ki, bu da əldə oluna biləcək razılşamaları mümkünsüz edir. Azərbaycanın təklifi ilə baş tutan vasitəçisiz danışqlarda əldə olunan nailiyyətlər də sübut edir ki, bizim hər hansı vasitəçiyə ehtiyacımız yoxdur.
Konkret 9 Mayda sülh sazişinin imzalana biləcəyinə gəldikdə isə deyim ki, bu faktiki olaraq mümkünsüzdür. Çünki, sülh sazişinin bütün müddəalarının razılşadırılması hələ sülh sazişinin imzalanacağı anlamına gəlmir. Belə ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır və bu belə davam etdiyi müddətcə sülh sazişinin imzalanması mümkün deyil. Ermənistan müvafiq dəyişikliklərlə bağlı referendumun 2027-ci ildə keçirilə biləcəyini, ən yaxşı halda isə 2026-cı ildə seçkilərlə eyni vaxtda keçirilməsinin mümkünlüyünü deyir. Bu isə o deməkdir ki, həmin müddətə qədər sülh sazişinin imzalanması mümkün deyil”.
Mehin Mehmanqızı