Əksər məktəblərdə müəllimlər xəstələnmiş şagirdlərin məktəbə gəlməyini tələb edir. Çox güman ki, bunu da müəllimlərdən tələb edən direktorlar, direktorlardan tələb edən isə nazirlik olur. Belə olan halda isə virus şagirdlər arasında yayılır. Xəstəliyin qarşısının alınması, yayılmaması üçün şagirdlərin ərzizə təqdim edərək məktəbə gəlməməsi daha düzgün addım olmazmı?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, məktəbin işi məktəbdə davamiyyəti bərpa etməkdir. Əgər şagird virusa yoluxubsa, təbii ki, sahə həkimi var. Valideynlərin borcudur ki, yerli abulator müəssisənin sahə həkimi ilə əlaqə saxlasın, şagird qeydiyyata alınsın.
Ekspertin sözlərinə görə, nəinki xəstə şagird məktəbə gələrək virusu uşaqlara yoluxdura bilər, həmçinin ailənin digər üzvlərinə də yoluxdura bilər. Bu baxımdan da valideynin borcudur ki, məktəbə məlumat versin.
“Sahə həkiminə məlumat verildikdən sonra şagird qeydiyyata alınır, müalicə olunur. Məktəbə gəlməsinə məhdudiyyət qoyulması ilə bağlı sahə həkimi tərəfindən arayış verilir.
Xüsusən də oktyabr, mart, aprel aylarında qrip və bu kimi virusların yayıldığı dövrdə məktəb, valideyn və yerli ambulator məntəqələri birgə işləməlidirlər ki, bu kimi hallarda adekvat addımlar ata bilsinlər”,
Dəniz Pənahova