Məşhur Məmmədov,
Millət vəkili
Son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması ölkəmizin müxtəlif dövlətlərlə münasibətlərinə də müsbət təsir göstərir. Həm Avropanın, həm də Asiyanın müxtəlif regionlarında yerləşən dövlətləri ilə ikitərəfli əlaqələr daha da genişlənir.
Heç şübhəsiz ki, sıx dostluq və qardaşlıq əlaqələri qurduğumuz dövlətlərdən biri də Pakistandır.
Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə milli bayramları münasibətlərilə təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycan-Pakistan strateji tərəfdaşlığının hazırkı səviyyəsi, gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımızın böyük məmnunluq doğurduğu vurğulanıb.
“İqtisadiyyat, nəqliyyat-logistika, energetika, investisiya, müdafiə sənayesi və qarşılıqlı maraq doğuran bir sıra digər sahələrdə uğurlu birgə fəaliyyətimiz əlaqələrimizi şərtləndirən başlıca amillərdəndir. Eyni zamanda beynəlxalq məsələlərdə mövqelərimizin üst-üstə düşməsi və qarşılıqlı dəstəyimiz Azərbaycan-Pakistan qardaşlığının bariz ifadəsi olaraq ölkələrimizin və xalqlarımızın ümdə mənafelərinə xidmət edir”-məktubda qeyd olunub.
Doğrudan da, iki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir.
İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıya rəsmi səfər edib, bir il sonra - 1996-cı ilin aprelində isə Ulu Öndər Heydər Əliyevin dost ölkəyə rəsmi səfəri iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyıb.
Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına mühüm təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Dövlətimizin başçısının 2005-ci il aprelin 12-13-də Pakistana rəsmi səfəri, eləcə də 2017-ci il 28 fevral-1 mart tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açıb, əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirib.
Pakistanın milli bayramı münasibətilə Prezident İlham Əliyevin ünvanladığı təbrik məktubunda xalqlarımızın sınaqdan çıxmış qardaşlığı və birliyindən güc alan Azərbaycan-Pakistan ənənəvi dostluq münasibətlərinin və strateji tərəfdaşlığının bundan sonra da birgə səylərimizlə möhkəmlənməyə və dərinləşməyə davam edəcəyi qeyd olunub.