AZ

Almaniya İnkişaf Bankı Misirin təmiz enerji layihələrinə növbəti maliyyə yardımı ayırır

Qahirə, 24 mart, AZƏRTAC

Almaniya İnkişaf Bankı ("KfW Bank") Misirin Elektrik Nazirliyinə 52 milyon avro dəyərində maliyyə yardımı ayırmağı planlaşdırır. Bunda məqsəd Misirdə təmiz enerji keçidi layihələrini maliyyələşdirməyə dəstəkdir.

AZƏRTAC “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, maliyyə dəstəyi 2022-ci ilin noyabrında Şarm əl-Şeyx şəhərində keçirilən COP27 çərçivəsində Misir hökuməti ilə Almaniya Bankı arasında imzalanmış razılaşma əsasında həyata keçirilir.

Qeyd olunur ki, razılaşmaya əsasən, Misirə 266 milyon avro məbləğində maliyyə yardımı göstərilməsi qərara alınıb. Bu məbləğin 162 milyon avrosu qrant şəklində, 104 milyon avrosu isə güzəştli inkişaf krediti olaraq təmin ediləcək.

Vurğulanır ki, Misir tərəfi bu çərçivədə artıq 214 milyon avro alıb. Bu məbləğ elektrik stansiyalarının və xətlərin qurulmasına yönəldilir.

“Əl-Arabiyyə”, həmçinin qeyd edir ki, inkişaf krediti ekoloji dost layihələrə yönəlir və faiz dərəcəsi 1%-dən yuxarı olmayacaq, ödəniş müddəti isə 20 ilə qədər nəzərdə tutulur.

Diqqətə çatdırılır ki, Misir hökuməti təmiz enerji keçidini sürətləndirmək və yeni enerji mənbələrinin payını cari 23%-dən 2030-cu ilə qədər 40%-ə çatdırmaq istəyir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
9
azertag.az

1Mənbələr