“Çelsi”nin keçmiş müdafiəçisi Con Terri, “Mançester Siti”nin hücumçusu Cek Qrilişin başqa klub haqda düşünməsinə gərək olduğu qənaətindədir.
Arena.az Terrinin bu barədə fikrini təqdim edir:
“Ona bütün seçimləri baxışdan keçirmək gərəkdir. Mən demirəm ki, o, “Mançester Siti”ni tərk etməlidir, yox. Çünki bu, dünyada ən yaxşı komandalardan biridir. Amma mən düşünürəm ki, o, özünə sual verməlidir: “Mən gələcəkdə bu komandanın bir hissəsi olacağammı?”, deyə Con Terri fikrini əsaslandırıb.
Xatırladaq ki, Cek Qriliş 2021-ci ilin avqustundan “Mançester Siti”də forma geyinir. O, bu kluba “Aston Villa”dan 117,5 milyon avro qarşılığında gəlib.
İngilis futbolçu cari mövsümdə “şəhərlilər”in heyətində 26 oyuna çıxıb, 2 qol və 5 məhsuldar ötürmə ilə diqqət çəkib. Onun “Mançester Siti” karyerası bütövlükdə 151 oyun, 16 qol və 23 məhsuldar ötürmədən ibarətdir.
Qriliş “Mançester Siti”dən öncə “Aston Villa” və “Notts Kaunti” klublarında forma geyinib. Vaxtilə İrlandiyanın U-17, U-18 və U-21 yığmalarında oynamış Qriliş, 2016-cı ildən İngiltərənin gənclərdən ibarət millisində forma geyinməyə başlayıb. 2020-ci ilin sentyabrında əsas millidə debüt etmiş futbolçu indiyə qədər İngiltərə yığmasında 39 oyuna çıxıb, 4 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 29 yaşlı Qrilişin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.