“Liverpul”un “Valensiya”da icarə əsasında çıxış edən gürcü qapıçısı Georgi Mamardaşvili “qırmızılar”ın “1” nömrəsi olmaq iddiasındadır.
Arena.az gürcü qapıçının müvafiq açıqlamasını təqdim edir:
“Yayda mən, əsas heyətdə yer uğrunda mübarizə aparmaq məqsədilə “Liverpul”a yollanacağam. Mən var gücümlə məşq edəcəyəm, amma orada hansı qərarın qəbul ediləcəyini bilmirəm”, deyə Mamardaşvili vurğulayıb.
Georgi Mamardaşvili futbola “Qaqra” klubunda qədəm qoyub. Gürcü qapıçı karyerası ərzində “Dinamo” (Tiflis), “Rustavi”, “Lokomotiv” (Tiflis) və “Valensiya”da çıxış edib.
“Valensiya” gürcü qapıçını 2021-ci ilin iyulunda Tiflis “Dinamo”sundan icarəyə götürüb, 2022-ci ilin yanvarında isə 850 min avro məbləğ müqabilində tamhüquqlu əsasda heyətinə qatıb. 2024-cü ilin avqustunda “Liverpul” 30 milyon avro məbləğ müqabilində Mamardaşvilini “Valensiya”dan satın alıb və eyni zamanda cari mövsümün sonuna qədər “yarasalar”a ödənişsiz əsasda icarəyə verib.
Cari mövsümdə gürcü qapıçı “yarasalar”ın heyətində bütün yarışlarda 24 oyuna çıxıb, 40 qol buraxıb, 5 oyunda isə qapısının toxunulmazlığını təmin edib.
Mamardaşvilinin “Valensiya”nın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 124 oyun, 152 buraxılmış qol, 36 “quru” oyun.
Mamardaşvili 2021-ci ilin sentyabrında debüt etdiyi Gürcüstan millisinin heyətində 28 oyun keçirib, 41 qol “yeyib”, 9 oyunda isə qapısını “quru” saxlamağı bacarıb.
Georgi Mamardaşvilinin böyük futbolda heç bir qəniməti olmasa da, 2019/2020-ci illər mövsümündə gürcü qapıçı Tiflis “Lokomotiv”inin heyətində mövsümün qapıçısı seçilib.
“Transfermarkt” internet-portalı 24 yaşlı gürcü qapıçının transfer dəyərini 30 milyon avro məbləğidə qiymətləndirir.