"Mineralların bir çoxu Rusiya işğalı altındakı ərazilərdə yerləşir, ya da Rusiyanın hücumu təhlükəsi altındadır..."
ABŞ prezidenti Donald Tramp Ukraynaya daha çox silah tədarük etməyə açıq olduğunu bildirib, lakin bunun əvəzində ölkənin faydalı qazıntılarına çıxış tələb edir. Ukrayna bu razılaşmanı dəstəkləyir, lakin onu praktikada həyata keçirmək o qədər də asan olmayacaq.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
"ABŞ üçün ən çox maraq doğuran mineralların bir çoxu ya Rusiya işğalı altındakı ərazilərdə yerləşir, ya da Rusiyanın hücumu təhlükəsi altındadır. Nəticədə Ukraynanın qiymətli təbii resurslarına çıxış, heç olmasa qismən də olsa, hazırda Rusiya qoşunlarının irəlilədiyi şərqi Ukraynada gedən döyüşlərdən asılı olacaq", - nəşr yazır.
Bu xüsusilə də müdafiə və bərpa olunan enerji sənayesi üçün mühüm əhəmiyyət daşıyan nadir torpaq metallarına aiddir. Tramp bu metalların hasilatına xüsusi maraq göstərir. Nadir torpaq metalları Ukraynanın bir neçə bölgəsində aşkar edilsə də, ən böyük məlum yataq şərqi Ukraynadakı cəbhə xəttinin üzərində yerləşir, - nəşr qeyd edir.
Eyni zamanda, Qərb ekspertləri Ukraynanın bəzi minerallarının, o cümlədən nadir torpaq metallarının yaxın gələcəkdə hasil ediləcəyinə skeptik yanaşır.
"Bu planın ən böyük çatışmazlığı ondan ibarətdir ki, ehtiyatların əksəriyyəti ya Rusiya nəzarətində olan, ya da cəbhə xəttinə çox yaxın ərazilərdə yerləşir. Bu isə o deməkdir ki, nə hasilat, nə də emal mümkün olmayacaq. Ukraynada sabit sülh olmadan bu aktivlər əlçatan olmayacaq. Sadəcə atəşkəs kifayət deyil," - Beynəlxalq Strateji Tədqiqatlar İnstitutundan Volf-Kristian Paes deyib.
Bundan əlavə, nadir torpaq metalları hasilatı çox baha başa gəlir və Ukraynadakı məlum yataqlar ABŞ-dakılardan xeyli kiçikdir, - "Benchmark Minerals Intelligence" qiymət analitiki Corc İnqall qeyd edib. Siyasi analitik Vadim Denisenko isə deyib ki, əsas məqsəd Ukrayna resurslarını sülh razılaşmasından sonra Qərb müttəfiqləri üçün əlçatan etməkdir.
"Bəli, işğal olunmuş ərazilərdə bəzi böyük faydalı qazıntı mənbələrimiz var, lakin eyni resurslara malik olan çoxsaylı qeyri-işğal olunmuş ərazilərimiz də mövcuddur," - o, vurğulayıb. "Əgər real sülh razılaşması əldə etsək, bu, problem olmayacaq".
Faydalı qazıntılarla bağlı razılaşma
Ukraynanın faydalı qazıntıları ilə bağlı ABŞ-la əldə olunacaq saziş bir neçə aydır ki, müzakirə olunur. Sənəd hələ ötən ay Ukrayna prezidenti Vladimir Zelenskinin Vaşinqtona səfəri zamanı imzalanmalı idi. Lakin həmin vaxt Oval kabinetdə Zelenski ilə Tramp arasında gərginlik yaşanıb. Nəticədə Ukrayna lideri Ağ Evi tərk edib və razılaşma imzalanmayıb.
Ötən həftə Donald Tramp ABŞ-ın Ukrayna ilə faydalı qazıntılar üzrə sazişi "çox tezliklə" imzalayacağını açıqlayıb. Bundan sonra "Financial Times" nəşri yazıb ki, ABŞ hasilat razılaşmasının şərtlərini yenidən nəzərdən keçirmək və Rusiyanın işğalı altındakı Zaporojye Atom Elektrik Stansiyasını Ukrayna ilə daha geniş iqtisadi razılaşmaya daxil etmək istəyir.