Ukrayna prezidenti Vladimir Zelenski Amerikanın “Time” nəşrinə müsahibəsində deyib ki, Rusiya Ağ Ev komandasından bəzi adamlara təsir göstərə bilib.
Hafta.az bu haqda “UNİAN”-a istinadla xəbər verir.
Ukrayna lideri xüsusilə Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindən çıxarılmasına münasibət bildirib və bunun ABŞ-ın hərbi yardımını dayandırması ilə bağlı olmadığını qeyd edib.
Nəşr Zelenskidən sitat gətirir: "Bunun heç bir əlaqəsi yoxdur. Məni səhv başa düşməyin. Döyüş vəziyyəti həmişə tərəfdaşlarınızın sizi dəstəkləyib-dəstəkləməməsindən asılıdır. Amma mən deməzdim ki, yardımın dondurulması Kursk vilayətindəki əməliyyata təsir edib".
Prezident Rusiya diktatoru Vladimir Putinin minlərlə Ukrayna hərbçisinin Kurskda mühasirəyə alınması ilə bağlı iddiasını bir daha təkzib edib və bunu “yalan” adlandırıb. Bununla belə, o hesab edir ki, Rusiyanın bu cür dezinformasiyası ABŞ rəsmilərinə təsir edib.
"İnanıram ki, Rusiya Ağ Ev komandasından bəzi adamlara təsir göstərə bildi... Onların amerikalılara siqnalı o oldu ki, ukraynalılar müharibəni dayandırmaq istəmirlər və onları məcbur etmək üçün nəsə etmək lazımdır", - Ukrayna prezidenti izah edib.
Bundan əlavə, Zelenski fevralın 28-də Oval kabinetdə ABŞ prezidenti Donald Trampla mübahisədən sonra reytinqinin niyə artdığını izah edib. Jurnalist ondan Ukrayna liderinin Trampla mübahisə edərək risk edib-etmədiyini soruşub, çünki o zaman ukraynalılar onu diplomatik uğursuzluqda ittiham edə bilərlər.
"Niyə ukraynalılar bu müharibənin əvvəlində özlərini müdafiə etdilər? Bu, ləyaqət üzündən idi. Biz özümüzü hansısa fövqəlgüc hesab etmirik... Söhbət ləyaqət, azadlıq, demokratiya hisslərimizdən gedirsə, xalqımız ayağa qalxır və birləşir... Həmin söhbətdə mən Ukraynanın ləyaqətini müdafiə etdim", - deyə prezident vurğulayıb.