''Football-plus.az'' xəbər verir ki, 2013-cü ildə ''Milan''da oynadığı dönəmdə kütləvi cinsi təcavüzdə iştirak etməkdə günahlandırılan ''sambaçı'' 9 illik həbs cəzasına məhkum edilmişdi. Artıq bir ilə yaxındı, Braziliyanın Tremembe həbsxanasında olan Robinyonun həbs həyatının bəzi detalları məlum olub.
Braziliya mətbuatında yer alan xəbərlərə görə ''Real'' və Braziliya yığmasının sabiq üzvü həbsxanadakı davranışları ilə digər məhbuslara örnək olmağı bacarıb. Təbii ki, onun həbsdə də futbola marağı davam edir. 41 yaşlı Robinyo hər gün idman edir və həbsxananın baxçasındakı meydançada futbol oynayır.
Bundan başqa o, 600 saatlıq elektronika kursunu da bitirib. Bunun sayəsində radio və televizorları təmir etməyi öyrənib. Hazırda o, oxuma kurslarına gedir. Robinyo həbsxanada 8 kvadrat metrəlik bir kamerada başqa məhbusla birlikdə qalır. Braziliyalını sadəcə birinci dərəcəli qohumlarının ziyarət etməsinə icazə verilir. 17 yaşlı oğlu Robinyo Juniorun da onu ayda bir dəfə ziyarət etdiyi məlum olub. Sabiq futbolçunun vəkili Mario Rossi Braziliya mətbuatına açıqlamasında bunları deyib:
''Özünü çox yaxşı və sakit aparır. Digərlərinə örnək göstərilir. Heç kimlə problem yaşamır''.
''Santos''un yetirməsi olan və karyerasının əvvəllərində hətta Pelenin davamçısı hesab olunan Robinyo 2005-ci ildə böyük ümidlərlə ''Real''a transfer olunmuşdu. Amma Madriddə keçirdiyi 3 il ərzində ondan gözlənilənləri verməyən futbolçunun karyerası sonrakı illərdə tədricən geriləməyə başladı.
Robinyo karyerasının son illərini Türkiyə təmsilçiləri - ''Sivasspor'' və ''İstanbul BŞ''də keçirmişdi.