AZ

Sərbəst, qadın və yunan-roma güləşi üzrə Avropa çempionatının (U-23) nəticələri. Yeni adlar və istedadlar

Ötən həftə Tiranada (Albaniya) güləş üzrə gənclər arasında (U-23) Avropa çempionatı keçirilib. Azərbaycan güləşçiləri ümumilikdə 16 (4-5-7) medal qazanıblar.

Mükafatların əksəriyyətini sərbəst güləşçilər qazana biliblər: 10 çəki dərəcəsindən 9-da medal qazana biliblər. Bu nəticə ölkəmiz üçün yeni rekorda çevrilib. Baş məşqçi Cəbrayıl Həsənovun rəhbərliyi altında Azərbaycan yığması topladığı xallara görə (169) rekorda imza ataraq, ardıcıl dördüncü dəfə Avropa çempionu olub. Bütün bu mühüm nailiyyətlərə baxmayaraq, komandanın 5 finaldan 4-də məğlub olması məyusedicidir. Ölkəyə yeganə qızıl medalı osetiyalı legioner Arseni Djioyev (86 kq) qazandırıb. Bununla belə, qeyd etmək yerinə düşərdi ki, Djioyev bütün millinin heyətində yeganə legioner idi.

Gümüş medal qazanan yeniyetmələr arasında dünya və Avropa çempionu Kənan Heybətov (70 kq) və ölkə çempionu Ağanəzər Novruzov (74 kq) xüsusilə seçilib. Onlardan gözləntilər böyük idi, lakin hər ikisi rusiyalı rəqiblərinə uduzdu. Gərgin mübarizədə Novruzov minimal hesabla, Heybətov isə vaxtından əvvəl rəqib güləşçinin tam üstünlüyü olmaqla uduzdular.Digər gümüş medalçılar arasında minimal hesabla məğlub olan Ceyhun Allahverdiyevi (61 kq) də qeyd etmək lazımdır. Amma əvvəllər beynəlxalq arenada gözə dəyməyən Fərid Cabbarov (79 kq) üçün ikinci yer mühüm nailiyyət idi.

Bürünc medalları Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) qazanıblar. Onların hamısı bu yaş kateqoriyasında (U-23) beynəlxalq arenada ilk dəfə fərqləniblər. Bu, onların gələcək karyerası üçün yaxşı stimul və motivasiya ola bilər.

Olimpiya çempionu Toğrul Əsgərovun rəhbərliyi altında qadınlardan ibarət yığmanın nəticələri mütləq yüksək qiymətə layiqdir. Komandamız ilk dəfə 2 qızıl medal qazanaraq tarixində mükafatların sayına görə rekorda imza atıb. Zaqrebdə keçirilən sonuncu reytinq turnirində qızıl medal qazanan Günay Qurbanova (59 kq) xüsusi diqqət çəkib. Gənc idmançı kifayət qədər təcrübəli və titullu rəqiblərinə qalib gəlib, həm də yüksək məharət nümayiş etdirib. 17 yaşlı idmançı artıq bir çox ekspertlər tərəfindən Azərbaycan qadın güləşinin parlaq gələcəyi kimi qiymətləndirilir. Daha təcrübəli Elnurə Məmmədova (53 kq) 23 yaşında, nəhayət ki, son iki gümüş medalını qızıl medala çevirə bildi. Esmer Cankurtaran (50 kq) ilk dəfə gənclər arasında turnirin mükafatçısı olub. Ümumilikdə Azərbaycanın qadınlardan ibarət komandası 89 xalla 4-cü yeri tutub. Bununla belə, qızıl medalların sayında rekord qeydə alınıb və bu, əldə olunan nəticəni xeyli kompensasiya edir.

Yunan-Roma güləşi yığmasına gəlincə, onun nəticəsini uğursuz hesab etmək olar. Bir qızıl, bir gümüş və iki bürünc medal azarkeşlərimizin ümid etdiyi nəticə deyil. 91 xal toplayan klassiklərimiz komanda hesabında 4-cü yeri tutub. Yeganə uğur Ruslan Nurullayevin (72 kq) qazandığı qızıl idi. Ötənilki çempion Ziya Babaşov (63 kq) gümüş, bu yaxınlarda Zaqrebdə keçirilən reytinq turnirinin qalibi Elmir Əliyev (55 kq) və U-23 arasında ikiqat Avro çempionu Həsən Həsənli (77 kq) bürünc medal qazanıblar. Bu turnirdə medal qazana bilməyən digər güləşçilər kifayət qədər gənc və o qədər də təcrübəli deyillər. Onlar üçün bu turnir özlərini sübut etmək, istedadlarını baş məşqçiyə göstərmək üçün bir fürsət idi.

Samir Həsənli

Seçilən
18
oxumeni.az

1Mənbələr