Azərbaycan millisi yoldaşlıq oyunu çərçivəsində sabah saat 21:45-də Bank Respublika Stadionunda Belarusu qəbul edəcək.
Futbolpress.az xəbər verir ki, tərəflər indiyə qədər 4 dəfə üz-üzə gəlib. Bunlardan ilk ikisi yoldaşlıq matçı, sonuncu ikisi isə Millətlər Liqası çərçivəsində baş tutub. Sözügedən oyunlardan ikisində Azərbaycan, birində Belarus qələbəyə sevindiyi halda, biri isə heç-heçə başa çatıb:
23.03.2018 Azərbaycan – Belarusiya 0:1
02.06.2021 Belarusiya – Azərbaycan 1:2
06.06.2022 Belarusiya – Azərbaycan 0:0
13.06.2022 Azərbaycan – Belarusiya 2:0
”Transfermarkt” portalının məlumatına görə Belarusun heyətinin ən bahalı oyunçusu 1 milyon avro dəyərindədir. Bunlar Sofiya ÇSKA-sında forma geyən Fedor Lapoukov, Almatı “Kayrat”ında çıxış edən Valeri Qromko və “Baltika”nın (Rusiya) üzvü Vitali Lisakoviçdir. Millinin yaş ortalaması isə 25.9-a bərabərdir.
Yaş ortalaması 26.4-ə bərabər olan Azərbaycan millisinin ən dəyərli futbolçusu “Qarabağ”da çıxış edən Nəriman Axundzadədir. 20 yaşlı hücumçunun dəyəri 1.8 milyon avrodur. İkinci sırada 1.6 milyon avro qiymətləndirilən “Radomiak”ın forvardı Renat Dadaşovdur. İlk “3-lüy”ü “Qarabağ”ın yarımmüdafiəçisi Toral Bayramov tamamlayır. Onun transfer dəyəri 1.2 milyon avroya bərabərdir.
Hazırki göstəricilərə görə millimiz daha üstündür. Lakin komandaların son çıxışılarına nəzər yetirsək, Belarus yığmasının cüzi üstünlüyü olduğunu görərik.
Azərbaycan millisi son 7 matçda 1 heç-heçə və 6 məğlubiyyətlə fiaskodadır.
Belarus millisi isə son 7 matçda 2 qələbə qazanıb, 4 heç-heçə edib və 1 məğlubiyyətə düçar olub.
Mirkamal Kazım