''Football-plus.az'' xəbər verir ki, ''Cim-Bom'' səfərdə ardıcıl iki İstanbul derbisi keçirməli olacaq. Komanda martın 29-da Türkiyə çempionatının 29-cu turu çərçivəsində ''Beşiktaş''ın, aprelin 2-də isə ölkə kubokunun 1/4 finalı çərçivəsində ''Fənərbaxça''nın qonağı olacaq.
Bu arada ''sarı-qırmızılar''ın aparıcı üzvlərindən olan Qabriel Sara qarşıdakı oyunlarla bağlı vətəni Braziliya mətbuatına maraqlı açıqlamalar verib. Türkiyədə derbilərin dünya çempionatının finalı kimi qəbul olunduğunu deyən 25 yaşlı futbolçu bunları bildirib:
''Burda rəqabətin səviyyəsi sadəcə inanılmazdı. Əslində biz braziliyalılar güclü futbol mədəniyyətinə sahibik və belə rəqabətə öyrəşmişik. Amma Türkiyədəki bu rəqabət hətta braziliyalıları da şoka salır. Burda hətta ən xırda detallar belə çempionluq mübarizəsinə təsir edə bilir. Elə bu mövsüm də istisna deyil. Mövsümün sonuna 9 oyunumuz qalıb və turnir cədvəlində kiçik üstünlüyümüz var. Amma qətiyyən diqqətsizliyə yol verməməliyik. ''Qalatasaray''la ''Fənərbaxça'' arasındakı derbi Türkiyədə az qala dünya çempionatının finalına bərabər tutulan bir oyundu. Yəni hər kəs üzərindəki məsuliyyəti dərk edir. Bu təzyiqin öhdəsindən gələcəyimizə inanıram''.