Futbol üzrə Belarus millisinin baş məşqçisi Karlos Alos Azərbaycan millisinə qarşı keçirəcəkləri yoxlama görüşündən gözləntilərini paylaşıb.
Arena.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu gün Bakıda təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“İki fərqli örtükdə oynamağın çətinliyi var. Bundan əvvəlki matç Tacikistana qarşı süni örtüklü meydançada, həm də isti havada keçirildi. Sabah isə təbii örtüklü meydanda və soyuq havada oynayacağıq. Martın 21-dən Azərbaycandayıq. Uyğunlaşmağa çalışmışıq. Oyuna hazırıq. Tacikistan və Azərbaycanla oyunlar arasında müqayisə aparmaq istəməzdim. Tamamilə fərqli matçlar olacaq”.
49 yaşlı mütəxəssis heyətlə bağlı heç bir problemlərinin olmadığın vurğulayıb:
“Hamı oyuna hazırdır. Hansı problem və ya zədəlimiz yoxdur. Start heyəti ilə bağlı daha sonra qərar verəcəyik”.
Karlos Alos uzun müddətdir qələbə qazana bilməyən, ardıcıl məğlubiyyətlər nəticəsində böyük təzyiq altında olan Azərbaycan yığması barədə də fikirlərini bölüşüb:
“Futbolda hər zaman təzyiq var. Sabah uduzsaq, təzyiq altında olacağıq. Azərbaycan millisi yaxşı komandadır, rəqibə hörmətlə yanaşırıq. Buradakı son matçda onlara uduzmuşuq. Sabahkı matç rahat oyun olmayacaq. Son görüşdəki məğlubiyyət də komanda üçün motivasiya ola bilər. Meydana qələbə üçün çıxacağıq. Yoxlama görüşü olduğunu nəzərə alaraq, nələrisə sınaqdan keçirmək fürsəti əldə edə biləcəyik.
Rəqib komandanın baş məşqçisi Fernando Santos top-məşqçidir, böyük komandalarda çalışıb, ona hörmətim də böyükdür. “Portu”, “Benfika”, Portuqaliya millisi kimi komandalara rəhbərlik edib. Amma oyun üslubları eyni deyil. Çünki şərtlər və oyunçular da fərqli olub. Biz sabahkı matçda qələbə qazanmaq istəyirik”.
Belarus yığmasının müdafiəçisi Kiril Peçenin də mətbuat konfransında sabahkı oyundan gözləntilərini paylaşıb:
“Azərbaycana qarşı Minskdəki görüşdən çox vaxt keçib. Amma Bakıdakı görüşü çox yaxşı xatırlayıram. Rəqibin heyətində çox yaxşı oyunçular var. Xüsusilə də, “Qarabağ”ın futbolçularını qeyd edərdim, onlar avrokuboklarda oynayırlar. Sabah bizi çətin görüş gözləyir. Bunu yaxşı başa düşürük”.
Qeyd edək ki, Azərbaycan – Belarus görüşü sabah “Masazır Arena”da keçiriləcək. Oyuna saat 21:45-də start veriləcək.