ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi iclasda gündəmlə bağlı mətbuat mənsublarının suallarını cavablandırıb.
Marja xəbər verir ki, həm Rusiya, həm də Ukrayna ilə danışıqların çox müsbət keçdiyini qeyd edən Tramp, "Ukrayna ilə nadir torpaq elementləri ilə bağlı müqaviləni razılaşdırmışıq və bu müqaviləni tezliklə imzalayacağıq" deyib.
Ukrayna ilə danışıqlarının təfərrüatlarına varmayan Tramp, bəzi enerji istehsalı obyektlərinin ABŞ-ın mülkiyyətinə verilməsinin nəzərdə tutulduğunu qeyd edib.
"Hazırda biz Ukrayna ilə bölgələrdən, müvəqqəti sərhəd xətlərindən və elektrik stansiyalarının mülkiyyət hüququnun ABŞ-a verilməsindən danışırıq. Söhbət böyük atom elektrik stansiyasının bizim idarəetməmizə verilməsindən gedir. Biz hazırda Ukrayna tərəfi ilə bunları müzakirə edirik", - Tramp deyib.
ABŞ-ın atom elektrik stansiyalarının idarə olunmasında böyük təcrübəyə malik olduğunu qeyd edən Tramp, bu obyektlərin Amerikanın idarəedilməsinə veriləcəyi təqdirdə daha təhlükəsiz olacağını müdafiə edib.