AZ

Azərbaycan millisi üçün qələbə həsrətinə son qoymaq şansı

Bakıda təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan millisi bu gün 2025-ci ildəki növbəti yoxlama oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Fernando Santosun rəhbərlik etdiyi yığmamız Belarus milli komandasını qəbul edəcək.

“Masazır Arena”da baş tutacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Aleko Aptsiauri olacaq.

Fernando Santosun gəlişindən bəri qələbəyə həsrət olan Azərbaycan millisi bu uğursuz seriyaya son qoymağa çalışacaq. Komandamız təcrübəli portuqal mütəxəssisin rəhbərliyi altında indiyə qədər 7 oyun keçirib, cəmi 1 heç-heçə etdiyi halda 6 görüşdə məğlubiyyətə üzülüb. Top fərqi də biabırçı mənzərə yaradır – 3:20.

Komandamız cəmi bir neçə gün öncə Sumqayıtda keçirilmiş sınaq matçında Haitiyə uduzub. Məhz bu biabırçı məğlubiyyətdən sonra yığmamıza olan təzyiq daha da artıb.

Qeyd edək ki, Azərbaycan millisi tarixində 7-ci dəfə Belarus yığması ilə qarşılaşacaq. Buna qədər sözügedən komandalar 4 dəfə yoxlama oyununda üz-üzə gəliblər. 1996-cı ildə Molodeçnoda keçirilmiş ilk sınaq görüşündə qalib müəyyənləşməyib – 2:2. 2001-ci ildə Albenada, 2021-ci ildə isə Minskdə keçirilmiş oyunlarda Azərbaycan millisi müvafiq olaraq 1:0 və 2:1 hesablı qələbələrə sevinib. 2018-ci ildə Bakıda keçirilmiş yoxlama görüşü isə Belarusun 1:0 hesablı qələbəsiylə yekunlaşıb.

2022-ci ildə isə Azərbaycan və Belarus yığmaları UEFA Millətlər Liqası çərçivəsində qarşılaşıblar. Novi Sadda keçirilmiş səfər oyunundan heç-heçə (0:0) ilə qayıtmış millimiz Bakıdakı görüşdə də 2:0 hesablı qələbəyə sevinib. Bir sözlə, Belarus yığmasını millimiz üçün düşərli rəqiblərdən saymaq olar. Ümid edək ki, bugünkü görüşdə də sevinən tərəf məhz Azərbaycan yığması olacaq.

Masazırda baş tutacaq matç komandamızın tarixində 307-ci sınaq olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzmuş komandamız indiyədək 306 oyuna çıxıb. Bu müddətdə 61 qələbə qazanmış futbolçularımız 79 heç-heçəyə nail olublar və 166 dəfə uduzublar. Əvvəlki 306 qarşılaşmada 235 qol vurmuş futbolçularımız 513 top buraxıbkar.

Bu, millinin yoxlama oyunları çərçivəsində 141-ci matçı olacaq. İndiyədək 140 belə qarşılaşma keçirmiş Azərbaycan millisi 40 qələbə qazanıb, 45 heç-heçə edib və 55 dəfə uduzub. 134 qol vurmuş millimiz 178 top buraxıb.

Yoxlama oyunu
25 mart

Azərbaycan – Belarus
Baş hakim: Aleko Aptsiauri (Gürcüstan).
Baş hakimin köməkçiləri: Davit Axvlediani, Davit Qabisonia (hər ikisi Gürcüstan).
Dördüncü hakim: Tural Qurbanov (Azərbayan).
“Masazır Arena”. Saat 21:45.

Seçilən
51
arena.az

1Mənbələr