AZ

Elm Günü AMEA-nın 80 illik yubileyi ərəfəsində: Keçmişdən bu günə

Bakı, 25 mart, AZƏRTAC

“Xalq həmişə öz ziyalıları,
öz mədəniyyəti, öz elmi ilə tanınır”.
Ümummilli Lider Heydər Əliyev
 

Martın 27-də Azərbaycanda növbəti dəfə Elm Günü qeyd ediləcək. Builki elm bayramı ölkəmizdə digər mühüm hadisələrlə üstü-üstə düşdüyünə görə daha böyük əhəmiyyət, xüsusi məna daşıyır.

Ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsilin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması, inkişaf etdirilməsi, və elmi fəaliyyətin stimullaşdırılmasıdır. Bu gün ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanması, Azərbaycan elminin dünya elminə inteqrasiyası, cəmiyyətdə alim və ziyalıların nüfuzunun artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanovanın “Elm Günü AMEA-nın 80 illik yubileyi ərəfəsində: Keçmişdən bu günə” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə vurğulanır ki, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən Azərbaycanda Elm Gününün təsis olunması dövlətimizin başçısının elmin inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunələrindən biridir. Bu əlamətdar gün hər kəsin diqqətinin elm sahəsinə yönəlməsi, əməkdaşlıq əlaqələrinin qurulması, elmin problem və vəzifələrinin yenidən müəyyənləşdirilməsi, həmçinin ölkəmizin inkişafı və alimlərin bu inkişafda rolunun artırılması üçün geniş imkanlar yaradır.

Müəllif bildirir ki, Azərbaycanda elmin inkişafı istiqamətində qəbul edilən dövlət proqramları, imzalanan fərman və sərəncamlar elmi ictimaiyyətin, müvafiq dövlət qurumlarının qarşısına konkret vəzifələr qoyur. Elm Günü təkcə akademik nailiyyətlərin qeyd edilməsi deyil, həm də innovativ ideyaların reallaşdırılması üçün yeni fürsətlər təqdim edir.

“AMEA-nın yaranma tarixi ölkəmizdə önəmli günlərdən biridir. Məhz bu səbəbdən Elm Gününün Akademiyanın yarandığı günlə üst-üstə düşməsi rəmzi məna daşıyır. 2025-ci ildə AMEA-nın 80 illik yubileyinin qeyd olunması elmi nailiyyətlərimizin ölkəmizdə və beynəlxalq aləmdə geniş təbliği, alimlərimizin qazandıqları mühüm nailiyyətlərin dəyərləndirilməsi baxımından böyük önəm daşıyır. Bu yubiley, eyni zamanda, ölkəmizdə elmin gələcək inkişafı, gənc tədqiqatçıların elmə cəlb olunması üçün yeni perspektivlər açır”, - deyə müəllif vurğulayır.

Məqalədə AMEA-nın tarixinə də nəzər salınıb: “Azərbaycan Elmlər Akademiyası 1945-ci il martın 27-də təsis olunub, 15 nəfərdən ibarət ilk təsisçiləri müəyyənləşdirilib. Martın 31-də Akademiyanın ilk ümumi yığıncağı keçirilib və iclasda onun prezidenti, vitse-prezidentləri, akademik-katibi seçilib, Rəyasət Heyətinin 5 nəfərdən ibarət ilk tərkibi formalaşdırılıb”.

Müəllif qeyd edir ki, 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikada bütün sahələrdə olduğu kimi, elm sahəsində də mühüm nailiyyətlərin əldə edilməsinə başlanılıb. Bu mərhələdə görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda elm, təhsil, mədəniyyət və digər prioritet sahələrin idarə edilməsi üçün bacarıqlı və yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini mühüm vəzifə kimi qarşıya qoyub, bu sferaların inkişafına xüsusi qayğı göstərib. İlk dəfə olaraq AMEA-nın 30 illik yubileyi 1975-ci il ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı nəticəsində qeyd olunub. Sonrakı mərhələdə isə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2005-ci və 2015-ci illərdə AMEA-nın 60 və 70 illik yubileyləri dövlət səviyyəsində keçirilib.

Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Akademiya yeniləşmə və təşkilatlanma dövrünə qədəm qoyub. Heydər Əliyevin müvafiq Sərəncamı ilə 2001-ci ildə bu elm ocağına “Milli” statusu verilib.

Yazıda Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamının əhəmiyyəti xüsusi vurğulanıb.

“AMEA-nın prezidenti akademik İsa Həbibbəyli martın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin xüsusi iclasında çıxışı zamanı bu mühüm dövlət sənədinin Azərbaycan elminə verilən ən yüksək qiymətin ifadəsi olduğunu bildirib. Qeyd edib ki, dövlətimizin başçısının Sərəncamı həm 80 ildə şərəfli tarixi yol keçmiş, Azərbaycan dövlətinin inkişafına, azərbaycançılıq ideologiyasına, milli kadr hazırlığına öz töhfəsini vermiş, elmi məktəblər yaratmış görkəmli alimlərimizin xidmətlərinə göstərilən yüksək qiymət, həm də Akademiyanın bu gününə və gələcək inkişafına olan ali dəyərin, ehtiramın ifadəsidir.

Bundan başqa, 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”dir. AMEA-nın 80 illik yubileyinin qeyd olunması Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi bir dövrə təsadüf etməsi ilə daha əlamətdardır”, - deyə məqalədə bildirilir.

Müəllif, həmçinin ötən il Azərbaycanın COP29-a uğurla ev sahibliyi etdiyini və bu iqlim konfransı çərçivəsində qəbul olunan qərarların Azərbaycan elminin inkişafı üçün yeni perspektivlər açdığını diqqətə çatdırıb.

Məqalənin sonunda bildirilir ki, AMEA bu gün fəaliyyətini uğurla davam etdirir. Ötən il AMEA-nın elmi müəssisələrində 197 problemin 514 mövzusu əsasında 1787 elmi-tədqiqat işi aparılıb. Elmi müəssisələrdə çalışan alimlər tərəfindən 521 kitab və monoqrafiya, 118 dərslik, 3561-i xaricdə (bunlardan 1192-si “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda) olmaqla 9245 məqalə və tezis nəşr etdirilib, elmi işçilərin əsərlərinə 45507 istinad olunub.

Azərbaycan alimləri bundan sonra da dövlətimizin prioritetlərini, xalqımızın milli mənafeyini nəzərə alaraq bütövlükdə dövlətimizin inkişafına öz töhfələrini verəcəklər. Onların zəhməti və əzmkarlığı zəngin elmi irsimizin qorunub saxlanmasına, yeni elmi nailiyyətlərin qazanılmasına səbəb olacaq”.

Seçilən
134
31
azertag.az

10Mənbələr