AZ

Deklan Rays: “Əminəm ki, Harri Keyn millidə 100 qol vuracaq”

“Arsenal”ın 26 yaşlı ingiltərəli mərkəz yarımmüdafiəçisi Deklan Rays, “Bayern”in 31 yaşlı mərkəz hücumçusu Harri Keyn haqda danışıb.

Arena.az xəbər verir ki, Rays Keynin İngiltərə yığmasında qolları sıralayacağına əmindir:

“Keyn inanılmazdır. O, İngiltərə yığması üçün 71 qol vurub. Harri inanılmaz oğlan, əla kapitandır. Mən əminəm ki, o, milli komanda üçün 100 qol vuracaq”, deyə Deklan Rays vurğulayıb.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 37 oyuna çıxıb, 32 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.

Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 82 oyun, 76 qol və 23 məhsuldar ötürmədən ibarətdir.

Keyn 21 qolla cari mövsüm Almaniya Bundesliqasının ən sərrast futbolçusudur. İngilis hücumçunun hesabında 7 məhsuldar ötürmə də var.

Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 105 oyuna 71 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Keyn hazırda İngiltərə millisinin heyətində ən çox qol vuran futbolçudur. Onu 53 qolla Ueyn Runi təqib edir.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində komanda səviyyəsində hələ, bir qənimət belə, qazana bilməyib.

Seçilən
20
arena.az

1Mənbələr