AZ

İtkin düşən 3 yeniyetmədən biri sığınacağa yerləşdirildi, digəri isə yenə qaçdı

Martın 17-də itkin düşmüş üç yeniyetmədən biri sığınacağa yerləşdirilib.

Bu barədə Musavat.com-a "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O bildirib ki, Mədinə adlı yeniyetmə özünün və valideyninin istəyi ilə sığınacağa gəlib, hazırda adaptasiya dövründən keçir:

“Bu uşaqlar valideynlərin məsuliyyətsizliyinə görə bugünki vəziyyətə düşüblər. Valideynlər uşaqlarına diqqət yetirsələr, belə hallar olmaz.

İndi biz yeniyetmənin mühitə uyğunlaşmasına çalışırıq. Bədənində bəzi izlər, zədələr var. Biz bu barədə təhqiqatçılara məlumat vermişik.

Dünən tapılan digər yenitemə isə Ofeliya adlı qızdır. 2023-cü ildə bizim sığınacaqda qeydiyyatda olub. Onu həmin vaxt bizə polis təslim etmişdi. Çox çətin tərbiyyə olunan uşaq idi. Sığınacaqda qalmaq istəmirdi. Ona görə də anası ilə danışdıq ki, axşamlar evinə getsin, gündüzlər isə bizim sığınacaqda reablitasiyaya cəlb olunsun. Lakin anası sonradan qızı gətirmədi. O, təhsildən də yayınırdı.

Dünən Ofeliyanın yeri müəyyənləşdirilmişdi, anasına təhvil veriləcəkdi. Lakin o yenə də qaçıb gedib. Çox güman ki, yenidən axtarışa veriləcək.

Bu uşaqların tapılmasında valideynlər maraqlı deyil. Deməli, ananın öz davranışında müəyyən problemlər var. Valideynlər bütün günü “Tiktok”da olur, uşaqlarından xəbərləri olmur.

Bu cür uşaqların əksəriyyətinin atası yoxdur. Təsadüfi münasibətlərdən doğulublar”.

Qeyd edək ki, martın 17-də yetkinlik yaşına çatmayan üç rəfiqə evdən çıxıb və bir daha geri qayıtmayıb. Onlardan ikisinin tapıldığı bildirilirdi.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
22
1
musavat.com

2Mənbələr