Erməni müstəntiq Camqarov Qoca kişiyə Azərbaycan SSR CM nin 72, 73-cü maddələri ilə cinayət işi başlatmışdır…
Mart ayı hər il baharın gəlişi, çərşənbələr, Bahar-Novruz bayramı ilə xalqımıza sevinc gətirsə də, təəssüf ki, tariximizdə bir çox faciəvi hadisələr də bu aya təsadüf edib. Bunlardan ən çox yadda qalanı, əlbəttə ki, Rusiya imperiyasının fətvasıyla daşnak və bolşevik kisvəsinə bürünmüş ermənilər tərəfindən Bakıda törədilmiş 1918-ci il 31 mart(köhnə stillə 18 mart) soyqırımıdır. Qeyd edək ki, məhz həmin soyqırım olayları paytaxtımızda rus-erməni-bolşevik ruhunun, onların gizli dayaqlarının möhkəmlənməsinə və iki il sonra Azərbaycanın ilk müstəqil demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalına və süquta yetirilməsinə şərait yaratmışdır. Və əslində xalqımızın milli qeyrətli övladlarına qarşı soyqırım bundan sonra çeşidli üsul və vasitələrlə daha əzmlə davam etdirilmişdir. 1920-1930-cu illərdəki Stalin-Bağırov repressiyaları da bolşevik-kommunist sovet imperiyasının ən effektiv soyqırım üsullarından biri idi. Çünki xalqın say-seçmə qeyrətli, savadlı, müstəqil və milli düşüncəli oğul-qızları “xalq düşməni” adıyla seçilib ya güllələnir, ya sürgün edilir, geridə isə əsasən əmrqulu, üzüyola, kölə xislətli, hətta təəssüf ki, bilərəkdən istibdad rejiminə yaltaqlanan, öz salamatlıqları, pul qazanmaqda, vəzifələrində irəliləmək üçün həmin rejimə qarşı çıxış edənləri ifşa edən, eləcə də Lenini, Stalini, Bağırovu mədh edənlər qalırdı… Repressiyalar yalnız Bakıda, Gəncədə və digər şəhərlərdə deyil, həm də kəndlərimizdə aparılırdı…

BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti, fəlsəfə doktoru Boran Əzizin “Ağdam rayonunun Mərzili və başqa kəndlərindən repressiya edilmişlər” adlı kitabı da məhz bu mövzuya həsr edilib.
Özü də Mərzili kəndinin yetirməsi olan müəllif kitabın girişində yazır:
“Kitabda Ağdam rayonunun Mərzili və bəzi başqa kəndlərindən günahsız yerə qırmızı terrorun qurbanları haqqında geniş məlumatlar ilk dəfə arxiv materialları əsasında araşdırılaraq elmi dövriyyəyə daxil edilmişdir. Oxucuların – geniş ictimayyətin, elmi dairələrin diqqətinə çatdırılan məlumatlar yalnız istintaq materialları əsasında hazırlanmışdır. Tarixşünaslığımızda indiyə qədər repressiya ilə bağlı aparılmış araşdırmalarda kolxozçuların kütləvi şəkildə həbs edildiyi İsmayıllı rayonunun Kürdmaşı kəndinin, Şamaxı rayonunun Təklə kəndinin adı qeyd edilmişdir. Təəssüf ki, iyirmi üç nəfərdən artıq adamın güllələndiyi, onlarla günahsız şəxsin sürgünə göndərildiyi Ağdam rayonunun Mərzili kəndi diqqətdən kənarda qalmış, adı çəkilməmişdir. Monoqrafiyadakı məlumatlar həmin boşluğu aradan qaldırmaq yolunda bir cəhddir. Ayrı-ayrı elm, təhsil ocaqlarında, idarə və müəssisələrdə, rayonlarımızda və onların kəndlərində Sovet işğal rejiminin amansızlıqla həyata keçirdiyi qırmızı terror geniş və əhatəli şəkildə araşdırılmayınca, problemin tam öyrənildiyini iddia etmək mümkün deyil. Şübhəsiz ki, tarixşünaslığımızda bu sahədə indiyə qədər ciddi bir boşluq var. Bu araşdırma problemin öyrənilməsindəki boşluğu müəyyən qədər aradan qaldıra bilər. İnanırıq ki, dəyərli oxuculara təqdim edilən hər belə araşdırmalardan sonra kommunistlərin Sovet dövlət orqanları vasitəsilə Vətənimizdə həyata keçirdiyi qırmızı terrorun dəhşətli mənzərəsi daha da aydınlaşacaq…”

Moderator.az Rusiya imperiyasının özünün Azərbaycandakı canişinləri, casusları vasitəsilə xalqımızın kəndlərdə yaşayan sadə, zəhmətkeş başına gətirdikləri müsibətlərin bir daha və daha dərindən anlanılması üçün sözügedən kitabın ən maraqlı parçalarını oxucularımızın nəzərinə çatdırır:
(Əvvəli burada: )
Bu dəfə kitabda adı çəkilən repressiya olunmuş Mərzili sakinlərindən müstəqillik dövründə Şuşa rayonunun bəlkə də şəhid hesab edilə biləcək ilk icra başçısı rəhmətlik Mikayıl Gözəlovun atası Qoca Mikayıl oğlu Adıgözəlovun haqsız, ədalətsiz və qanunsuz istintaqının maraqlı məqamlarını nəzərinizə çatdırırıq:
“Gözəlov Qoca Mikayıl oğlu
Günahsız yerə Sovet dövlət orqanları tərəfindən həbs edilərək işgəncəyə məruz qalan, həyatının ən gözəl cağlarının bir neçə ilini uzaq Sibirin soyuq həbs düşərgəsində keçirməyə məcbur olan şəxslərdən biri də Qoca Mikayıl oğlu Adıgözəlov olmuşdur.
Qeyd edim ki, Qoca kişinin istintaq materialların da müstəntiq tərəfindən yol verilmiş xeyli uyğunsuzlu ğa, ifadələrin açıq-aşkar saxtalaşdırılmasına rast gəlmək mümkündür. İstintaq materiallarına inansaq, Qoca Mikayıloğlunun həbsi haqqında qərarın verilməsi ilə onun reallaşması arasında guya iki ay on səkkiz gün vaxt keçmişdir. Repressiya ilə bağlı apardığım araşdırmalarda belə bir hala rast gəlinməmişdir. Adətən belə hallarda təqsirləndirilən dərhal həbs olunmuş, rəsmi istintaqın başlanmasına qədər onun necə ifadə verməyi “başa salınmış”, ancaq rəsmiləşdirilməmişdir. Bundan başqa, həbs edilməsi haqqında qərarın verilməsi və həbs qətimkan tədbirinin seçilməsi tarixlərində də uyğunsuzluq vardır.
1938-ci il mayın 30-da DTİ-nin Ağdam rayon şöbəsində Qoca Mikayıloğlunun həbs edilərək ittiham elan edilmə si haqqında qərar qəbul edilmişdir: “Gözəlov Qoca Mikayıl oğlu, 28 yaş, Mərzili kənd sakini, bitərəf, azərbaycanlı, kolxozçu. Əiqmt-in fəal üzvü olmasına görə, Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələri ilə ittiham edilir”.

1938-ci il iyulun 29-da Qoca kişinin həbs edilməsi haqqında order imzalanmışdır. İstintaq materiallarına görə, Qoca Mikayıloğlu 1938-ci il avqustun 18-də XDİK DTİ-nin Ağdam rayon şöbəsi tərəfindən həbs edilmişdir. İstintaqı aparan müstəntiqlər – DT leytenantı Camqarov və DT serjantı Palqunov olmuşlar.
“Qoca Mikayıl oğlu Gözəlov, 1910-cu il, əvəllər üç il şofer işləmiş, sonra məntəqə müdiri olmuş, kolxozçu kəndli, azsavadlı, bitərəf. Atası – Mikayıl Adıgözəl oğlu Gözəlov, 80 yaş; qardaşı – Ələkbər Mikayıloğlu; bacısı – Münəvvər, 26 yaş; bacısı – Sədəf, 22 yaş; həyat yoldaşı – Sona Murad qızı, 18 yaş; qızı – Səriyyə Qoca qızı 1 yaş. Həkim yoxlaması – sağlam”. •
İstintaq materiallarına görə, 1938-ci il avqustun 18-də Qoca kişi həbs olunan zaman 120 rubl pulu müsadirə edilmişdir. Mərzili kənd soveti Qoca Mikayıloğlunun əmlakı haqqın da XDİK Ağdam rayon şöbəsinə arayış vermişdir.
(…)
İşdə olan sənədlərdən biri də Mərzili kəndindəki “Zəhmət” kolxozunun ümumi yığıncağının iclasının protokolundan çıxarışdır. Orada göstərilir ki, “Qoca Mikayıloğlu 1937-ci ildə kolxoza daxil olmuşdur. O, kolxoz quruluşunun, Sovet hakimiyyətinin, partiyanın əleyhinə təbliğat aparmışdır. Kolxoza daxil olsa da, adına əməkgünü yoxdur. Ümumi yığıncaq bunları nəzərə alaraq, onun kolxozdan çıxarılması haqqında qərar qəbul etmişdir…
Erməni müstəntiq Camqarov Qoca kişiyə Azərbaycan SSR CM nin 72, 73-cü maddələri ilə cinayət işi başlatmışdır. Müstəntiqin qərarı ilə, Qoca Mikayıloğlunun 14484 №-li cinayət işi “əksinqilabçı, qiyamçı gizli “Müsavat” təşkilatının Qarabağ üzrə “rəhbəri hesab edilən”, əslən Laçın rayonunun Yığın kəndindən olan Seyid Rəsulun 4274 №-li cinayət işi ilə birləşdirilmişdir.
1938-ci il avqustun 8-də təqsirləndirilən Qoca Mikayıl oğlunun ilk istintaqı olmuşdur. Onu da deyək ki, bu istintaqı Azərbaycan SSR XDİK DTİ-dən göndərilmiş, İs lam dini və s. məsələlər üzrə mütəxəssis olan müstəntiq aparmışdır. Bu dəfə müstəntiq onun haqqında əvvəllər yazılmış qısa məlumata “Mərzili kəndi üzrə heyvanların hazırlanması və toplanması məntəqəsinin müdiri” sözünü əlavə etmişdir.
Bundan başqa, müstəntiq istintaqa yeni istiqamət əlavə etmişdir. Əgər əvvəllər əksinqilabçı, qiyamçı “Müsavat” sözlərindən istifadə edirdilərsə, indi oraya “millətçi” sözü də əlavə edilmişdir. Bu, heç də təsadüfi deyil.
“Sual: İstintaqa məlumdur ki, sən əqm “Müsavat” təşkilatının üzvüsən. Bunu etiraf edirsənmi?
Cavab:
-Bildirirəm ki, mən heç bir əksinqilabçı təşkilatın üzvü olmamışam. Belə bir təşkilatın fəaliyyət göstərdiyi haqqında da məlumatım olmayıb.
Sual:
-Düz danışmırsan. İstintaqda təkzibedilməz sübut lar var ki, sən əksinqilabçı təşkilatın üzvüsən. Ona görə də təklif edirəm ki, istintaqa müqaviməti dayandırıb, səmimi olaraq, mahiyyət üzrə ifadə verəsən.
Cavab:
-Rədd edirəm. İkinci dəfə bildirirəm ki, mən heç bir əks-inqilabçı təşkilatın üzvü olmamışam. Belə bir təşkilatın olması haqqında mənə heç nə məlum deyil.
Sual:
-Mərzili kəndində fəaliyyət göstərən əksinqilabçı “Müsavat” təşkilatı haqqında sənə nə məlumdur?
Cavab:
-10 aprel 1938-ci ildə həmkəndlim Vəliyev Ədi lin, Abdullayev Abışın və kənd sovetinin sədri olan Qulu Şahməmmədovun sözlərindən mənə aydın oldu ki, XDİK Ağdam rayon şöbəsi tərəfindən bir neçə şəxs əksinqilabçı trotskiçi kimi həbs olunub. Daha sonra 1938-ci ilin iyununda kəndlim, indi XDİK Ağdam rayon şöbəsi tərəfindən həbs olunan Məhərrəm Gülməmmədoğlunun qardaşı Oruc Gülməmmədoğlu Laçın rayonunda, yaylaqda mənimlə görüşəndə dedi: “Əksinqilabçı təşkilat 1937-ci ildə Mərzili kəndində kənd sakini Boran Məhəroğlunun evində iki dəfə iclas keçirib. Orada mənim hakimiyyətə yaxın adam kimi əksinqilabçı təşkilata cəlb edilməyim müzakirə edilib. Qərara gəlinib ki, əgər imtina etsəm, məni fiziki cəhətdən aradan götürsünlər. Mənim təşkilata cəlb edilməyim Fərman Cavadoğluna tapşırılıb. O, məni Boran Məhəroğlunun evinə aparmalı, orada söhbət aparmalı və cəlbetməni sənədləşdirməli idi. Nəzərdə tutulmuşdu ki, əgər imtina etsəm, məni oradaca öldürsünlər.
Sual:
-Oruc Gülməmmədoğlu əks-inqilabçı təşkilatın sənin haqqında fikirlərini söyləyəndə yanında kimlər olub?
Cavab:
-O, bunu söyləyəndə şahid yox idi. Tək idim.
Sual:
-Oruc Gülməmmədoğluna əksinqilabçı təşkilatın belə bir planının olması haradan məlum idi?
Cavab:
-Mən bunu Oruc Gülməmmədoğlundan soruşanda o mənə həmin təşkilatın üzvü olduğunu söylədi. Əksinqilabçı təşkilatın məni cəlb və məhv etməsi ilə bağlı keçirilən iclasda o, şəxsən iştirak edib.
Sual:
-Sən yalan danışırsan ki, Oruc Gülməmmədoğlu əksinqilabçı təşkilatın üzvüdür. Təşkilatın üzvü kimi sənə bu təşkilatın həqiqi üzvləri yaxşı məlumdur. Ona görə də qətiyyətlə tələb edirik: tərksilah ol və doğru ifadə ver.

Cavab:
-Qərara gəldim ki, müqaviməti dayandırım və istintaqa səmimi ifadə verim. Əiqmt-ə 1937-ci ilin iyun, ya da iyul ayında Fərman Cavadoğlu tərəfindən cəlb edil mişəm. Məni buraya cəlb edərkən, əksinqilabçı təşkilatı çox tərifləyib söylədi ki, Sovet hakimiyyyəti devriləcək, Müsavat hakimiyyəti qurulacaq, kolxoz quruluşu süqut edəcək. Mən də inandım, könüllü razılığımı verdim. O, məni əiqmt-ə üzv yazdı.
Sual:
-Neçə dəfə və nə qədər əksinqilabçı təşkilata üzv lük haqqı vermisən?
Cavab:
-Təxminən 1937-ci il sentyabr ayının ortaların da Fərman Cavadoğlu mənə yaxınlaşdı və dedi ki, sənin əvəzinə 7 rubl üzvlük haqqı vermişəm. Məndən verdiyi həmin pulu tələb etdi. Mən də 10 rubl verdim. Xırdası olmadığı üçün 3 rubl qaldı. Ona görə də söylədi ki, onu sənə bir şərtlə qaytararam ki, pulu xırdalayıb tezliklə verəsən. Bundan bir qədər sonra o, həbs olundu və beləliklə, mən üzvlük haqqı verə bilmədim.
Sual:
-Əksinqilabçı təşkilata daxil olarkən, Fərman Cavadoğlu tərəfindən verilən üzvlük bileti haradadır?
Cavab:
-Mən daxil olanda üzvlük bileti verilmədi. Bir neçə dəfə tələb etsəm də, o, hər dəfə: “Yaxında alarsan”, – deyə cavab verirdi.
Sual:
-Əks-inqilabçı təşkilatın üzvü olduqdan sonra prak tik fəaliyyətin nədən ibarət oldu?
Cavab:
-Mənə əksinqilabçı təşkilat tərəfindən heç bir tapşırıq verilməyib. Mən də müstəqil şəkildə heç bir praktik iş aparmamışam. Mən yalnız sıravi üzv olmuşam.
Sual:
-Əksinqilabçı təşkilatın üzvlərindən kimləri tanıyırsan?
Cavab:
-Fərman Cavadoğlunun sözlərinə görə, aşağıdakılar təşkilatın üzvü olublar:
1.Fətiş Hüseynoğlu; 2. Bayramov Bəhram Hüseyn oğlu. Mənimlə söhbətlərində onlar bu barədə heç nə deməyib. Oruc Gülməmmədoğlunun da əksinqilabçı təşkilatın üzvü olduğunu bilirdim.
Sual:
-Özünü əksinqilabçı “Müsavat” təşkilatının üzvü olmaqda günahkar hesab edirsənmi?
Cavab:
-Bəli.
Cinayət işində çox maraqlı, istintaqın qurama, saxta dəlillər əsasında tərtib edildiyini üzə çıxaran ifadələrdən biri “əksinqilabçı, qiyamçı “Müsavat” təşkilatının guya Qarabağ üzrə rəhbəri kimi qələmə verilən, Laçın rayonunun Yığın kəndindən olan Seyid Rəsulun ifadələridr. 1937-ci il noyabrın 7-də milliyyətcə erməni olan müstən tiq Camqarov Seyid Rəsul Seyid Nəziroğlunu dindirərək ondan Ağdam rayonunun Mərzili, Novruzlu, Gülablı kəndlərində yaşayan tanışlarının evində nə vaxt, neçə dəfə olduğunu soruşmuşdur. Seyid Rəsul: “…Nə bu sovetliklərə daxil olan kəndlərdə, nə də orada yaşayan adamların evində heç bir dəfə də olmamışam”, – deyə cavab vermişdir. Halbuki, Mərzili kəndindən həbs olunanlardan işgəncə yolu ilə alınmış ifadələrdə əks-inqilabçı təşkilatın rəhbəri kimi, onun bu kənddə yaşayan ayrı-ayrı adamların evin də dəfələrlə olması, təşkilata şəxsən adamlar cəlb edilməsi göstərilmişdir…

Bir qədər fasilədən sonra başlayan və iyulun 8-də də davam edən istintaqda vəziyyət kökündən dəyişmişdir. Məlum üsullardan sonra, Seyid Rəsul istintaqa sərf edən “etirafedici” ifadələr verməyə başlamışdır. Ən maraqlısı isə odur ki, o, qəflətən əiqmt-in Qarabağ üzrə səlahiyyətli nümayəndəsi kimi ifadə verməyə məcbur edilmişdir. Məhz burada Bakıdan Ağdama ezam edilmiş dini məsələlər üzrə mütəxəssis müstəntiqin “əl işləri” açıq görünür. Aydın olur ki, istintaq ona, necə deyərlər, yeni “don biçmişdir”. Sən demə, Sovet hakimiyyətinə, kolxoz quruluşuna qarşı təkcə millətçilər, pantürkistlər deyil, həm də dini dünyagörüşə sahib olanlar da qoşulmuşdular. Onlar bu rejimə nifrət etməklə qalmayıb, guya hətta təşkilatlanmışdılar:
“Sual:
-Əksinqilabçı təşkilata nə vaxtdan daxil olmusan və bu təşkilatın adı nə idi?
Cavab:
-Bu təşkilata 1931-ci ildə daxil olmuşam… 1934 cü ildə Ağdam rayon Mərzili kənd sakini Məhərrəm və Molla Mustafanın zəmanətilə Fətişi (atasının adını unut muşam) təşkilata cəlb etmişəm”.
…Çox maraqlı hadisələrin bir hissəsi bundan sonra baş ver mişdir. Belə ki, 1938-ci il iyulun 19-20-də Seyid Rəsul növbəti istintaqdan sonra qəflətən Bakıya aparılmışdır. Bakıda istintaq davam etdirildikdə, o, XDİK Ağdam rayon şöbəsində verdiyi etirafedici ifadələrin demək olar ki, hamısından imtina edərək, Camqarovun bütün saxtakarlıqlarını açıb danışmışdır. Ondan hansı yollarla ifadə alındığını açıb göstərmişdir. Seyid Rəsul bildirmişdir ki, istintaq zamanı döyülmüş, incidilmiş, sonra onun qarşısına siyahı qoyulmuşdu ki, “bu adamlardan kimi istəyirsən seç, bildir ki, onları təşkilata sən cəlb etmisən”. Bundan başqa, müstəntiqin sualına cavab verərkən Seyid Rəsul bildirir ki, “…XDİK Ağdam rayon şöbəsində protokola yazılanları mən deməmişəm, özləri yazıb, rusca bilmədiyim və savadım olmadığı üçün orada nə yazılmasından xəbərim ol mayıb. Qol çəkməyim bununla bağlı olub”.
İstintaqda ona verilən: “Əksinqilabçı “Əhli Quran Firqə si”nə səni kim cəlb edib və bu təşkilatın üzvü olmaqda özünü günahkar hesab edirsənmi?”, – sualına cavabında onun paytaxta gətirilməsi səbəbi qismən məlum olmuşdur: “Məni bu təşkilata heç kim cəlb etməyib. Ancaq özümü onda günahkar hesab edirəm ki, təşkilatın Ağdam rayon şöbəsini öz təşəbbüsümlə yaratmışam.
Sual:
-Bu adı haradan götürmüsən və onun məqsədi, vəzifələri nədən ibarət idi?
Cavab:
-Adı mən özüm vermişəm. Məqsəd və vəzifələri adından bəllidir:
1. İslam dininin nüfuzunu qoruyub saxlamaq;
2. Kolxozçu kəndliləri dinin təsiri altında saxlamaq, İslam dini adət-ənənələrinə əməl etmələrini təmin etmək, o cümlədən namaz qılmaq, oruc tutmaq və s. düzgün yerinə yetirməsinə kömək etmək”.
1938-ci il oktyabrın 23-də Seyid Rəsulun Ağcabədi rayonu ilə əlaqələrinə aid istintaq aparılmışdır. Noyabrın 15-dəki istintaqda müstəntiq yenidən onun Ağdam rayonu ilə əlaqələrinə aid suallar vermişdir:
“Sual:
-Ağdam rayonunda hansı illərdə olmusan?
Cavab:
-Müxtəlif illərdə və vaxtlarda olmuşam: 1933-cü, 1934-cü, 1935-ci illərdə… Əsasən, yaz və payız aylarında. Əkin-biçin vaxtlarında… Adətən, bu vaxtlar seyidlər kəndbəkənd gəzərək, nəzir yığardılar.
Sual:
-Hansı kəndlərdə olmusan?
Cavab:
-1. Çuxurməhlə; 2. Pərioğlular; 3. Mərzili; 4. İs mayılbəyli; 5. Qərvənd; 6. Əlimərdanlı.
Sual:
-Bəs Şelli kəndinə nə məqsədlə getmişdin?
Cavab:
-Orada olmamışam. Şelli ilə yaxın olan Qurdlar kəndində olmuşam. Şellinin adını əvvəllər də ifadəm də göstərdiyim kimi, məcburən, rayon şöbəsinin təsiri və tələbi ilə söyləmişəm. Çünki Şelli kəndindən olan rayonda rəhbər vəzifədə çalışan Bəhramı tutmaq istəyirdilər”.
(…)
Sual:
-Sən XDİK Ağdam rayon şöbəsində verdiyin geniş ifadəndə əiqmt-in yaradılmasından danışmısan. Bunu təs diq edirsənmi?
Cavab:
Xeyr. Silahlı, qiyamçı “Müsavat” təşkilatından söhbət getməyib.
Sual:
-Axı, sən həbs olunanlarla üzləşmələrdə bunu təsdiq etmisən.
Cavab: Xeyr, bunu təsdiq etmirəm. Ola bilər, təşkilatın üzvləri belə söyləsinlər”.

1939-cu il fevralın 4-də Seyid Rəsul istintaqa ifadəsində kimlərin əleyhinə ifadə verməsindən, bunun səbəblərin dən, XDİK Ağdam rayon şöbəsinin əməliyyat müvəkkili ilə əlaqələrindən, onunla bir kamerada olan, Əlimərdanlı kənd sakini Dadaş Allahverdiyevin yanına qəsdən salın masından, onunla aralarında olan söhbətdən, bu söhbəti əməliyyat müvəkkilinə çatdırmasından və s. söhbət açmışdır.
Ümumiyyətlə, 1937-1938-ci illərdə əksinqilabçı təşkilatın üzvləri kimi həbs olunan Ağdam rayon sakinləri içəri sində bu qədər uzun müddətdə istintaqı olan şəxs yoxdur. Onun ifadəsi əsasında həbs olunanların böyük əksəriyyətinin sümükləri çürüdüyü halda, onu hələ də həbsxanada salamat saxlamışdılar. İstintaqa lazım olanda, onun yeni-yeni ifadələri ortaya çıxırdı…
(Davamı var)
Təqdim etdi:
Sultan Laçın