"Biz Qara dəniz məsələsi ilə yanaşı, ərazi məsələləri, təmas xətləri və elektrik stansiyalarının kimə məxsus olduğu barədə müzakirələr aparırıq..."
Rusiya nümayəndələri ilə aparılan danışıqların nəticəsində ortaq bəyanat layihəsi hazırlanıb. Bu layihə təsdiq üçün Moskvaya və Vaşinqtona göndərilib.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, ABŞ və Rusiya nümayəndələri arasındakı danışıqlar Qara dənizdə atəşkəs razılaşmasına nail olmaq cəhdlərinə yönəlib. Vaşinqton bu görüşü prezident Donald Trampın Ukraynada müharibəni dayandırmaq səylərinin bir hissəsi kimi təqdim edib.
"Reuters"-in Ağ Evdəki mənbəsi bildirib ki, Ər-Riyadda aparılan danışıqlarda irəliləyiş müşahidə olunur və "yaxın gələcəkdə" pozitiv bəyanatın verilməsi gözlənilir.
Rusiya mənbəyi isə "Reuters"-ə məlumat verib ki, danışıqlar bazar ertəsi gec saatlarda başa çatıb. Hazırlanmış ortaq bəyanat layihəsi Moskvaya və Vaşinqtona göndərilib və tərəflər onu bu gün dərc etməyi planlaşdırır.
"CBS News -un mənbələri bildirib ki, bəyanatın detalları hələlik məlum olmasa da, Ər-Riyadda olan ABŞ-ın texniki qrupu tərəfindən Tramp administrasiyasına təqdim edilən hesabatlar nikbin görünür. Həmçinin mənbələrdən biri bildirib ki, Ukrayna rəsmiləri də danışıqlar barədə məlumatlandırılıb.
Bazar ertəsi Tramp Qara dəniz məsələsi ilə yanaşı, gündəlikdə digər mövzuların da olduğunu vurğulayıb: "Biz hazırda ərazi məsələlərindən danışırıq. Biz təmas xətləri, enerji sektoru və elektrik stansiyalarının kimə məxsus olduğu barədə müzakirələr aparırıq".
Xatırladaq ki, Rusiya Trampın təklif etdiyi 30 günlük atəşkəsə razı olmayıb və yalnız Ukraynanın enerji infrastrukturlarına hücumları dayandırmağa hazır olduğunu bildirib.
Səudiyyə Ərəbistanında danışıqlar
Martın 23-də Ər-Riyadda Ukrayna və ABŞ nümayəndə heyətlərinin danışıqları baş tutub. Görüşdən sonra Ukrayna müdafiə naziri Rüstəm Ömərov bildirib ki, dialoq səmərəli keçib.
ABŞ və Rusiya nümayəndələrinin bütün günü davam edən danışıqlarından sonra məlum olub ki, Ukrayna nümayəndə heyəti bir gün də Səudiyyə Ərəbistanında qalaraq amerikalı həmkarları ilə əlavə görüş keçirəcək.