“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli Bakı ətrafında hansı ərazilərin fərdi yaşayış evlərinin tikilməsi üçün ekoloji baxımından daha əlverişli olması barədə suallara aydınlıq gətirib.
KONKRET.az xəbər verir ki, bu barədə Pravda.az-a açıqlama verən mütəxəssis deyib ki, şəhərin hər tərəfində hava axını normaldır.
“Fərdi yaşayış və ya həyət evlərinin tikilməsi üçün dörd-dördlük bir şəraitdən danışırıqsa, bu, başqa şeydir. Əslində, Bakıdan yox, Abşeron yarımadasından danışmaq lazımdır. Biz Abşeron yarımadasını məhv etmişik, ekoloji, demoqrafik fəlakət yaratmışıq. Bakının ən yaxşı şəraiti olan yerləri haradır? Məsələn, Xətai rayonunun Zığ qəsəbəsinə tərəf olan hissəsi. Suraxanı Duz gölünün ətrafı, Günəşli. Burada həyət evləri var. Yüksək yerlədə tikilən evlər hər zaman uğurlu olur, çünki orada hava axını və günəş, külək boldur. Qaraçuxur gölünün, Bakıxanov gölünün ətrafı normal hava şəraiti olan ərazilərdir. Həmin qəsəbələr isə onsuz da tikilib qurtarıb, boş ərazi qalmayıb. Təəssüf ki, Bakı ölkəmizdə tək şəhərə çevrilib. Zığ tərəfdə zeytun bağları var. Vaxtilə Zeytun Sovxozu fəaliyyət göstərirdi. Düzdür, indi onun bir hissəsi qalır, amma 1990-cı illərin əvvəllərində onların hamısını söküb, həyət evləri tikdilər. Əlbəttə, zeytun bağlarının içində yaşamaq özü insana avantaj verirdi. Zığın şəhərə tərəf olan hissəsi də yaşayış üçün çox uyğundur, çünki həmin ərazidə daimi hava axını var. “Gənclik”də “Milyonçular məhəlləsi” deyilən ərazidə də həyət evləri tikirdilər. Bakının əhalisinin sayı az olan zamanlarda bu ərazilər də pis deyildi. Rəsulzadə qəsəbəsində, “Varovski”də də həyət evləri var idi. “Xutor” deyilən ərazidə isə gecəqondular idi, kasıb əhali yaşayırdı. Yəni əhalinin zəngin təbəqəsi harada yaşayırdısa, deməli, oranın şəraiti yaxşı idi. Bu gün Bakının Səbail ərazisindəki Badamdar qəsəbəsində yaxşı hava axını var deyə oranı məhv etdik. Artıq orada sürüşmə özünü göstərir. Badamdarın dağını, ekosistemini, heyvan, bitki aləmini məhv etdik. Həmin ərazilər Bakını daha çox hava ilə təmin edir, buna görə də tikilib. İndi də orada bina evləri tikilməyə davam edir. Bakının kəndləri isə qismən bərbad günə qoyulmuşdu. İndi düzəlməyə başlayıb. Yaşayış üçün Şüvəlan, Bilgəh tərəfin şəraiti onsuz da bəllidir. Mənə qalsa, Şıx tərəf məsləhətdir. Həmin ərazidə daha çox dənizə gedirəm. Dənizə yaxın ərazidə hava axını yaxşıdır. Lökbatan isə havası dayanan yerdir. Artıq zamanla hər şey dəyişir, buna görə də insanlarımız elə yerlərdə məskunlaşıblar ki, onları oradan çıxarmaq belə mümkün deyil. Mərdəkan, Buzovna isə qədim məskunlaşma ərazilərimizdir, hələ də burada məskunlaşma davam edir”.
Ekoloq bildirib ki, şəhərdə daha çox bina evlərinə üstünlük verilməlidir: “Bakıda 5-7 mərtəbədən yuxarı bina tikilməməli idi. Regionlar elə inkişaf edilməli idi ki, hündür binalar tikilməsin. Regionlarda da eynilə 4-5, eləcə də 7 mərtəbəli binalar tikilməlidir. Torpaq ərazilərə nə qədər qənaət olunardısa, bir o qədər yaxşı idi. Təəssüf ki, Bakı yükləndi. Hələ də çoxmərtəbəli binalar tikilir. Buna görə də Bakının küləyinin istiqaməti, iqlim tipi dəyişir. Onsuz da Bakı səhra şəhər idi. Betonlaşma isə paytaxtın havasını daha da dəyişdirib”.
Q.İbrahimli yaşayış üçün təhlükəli olan əraziləri də sadalayıb: “Bayıl yamacı da sürüşkən və radiasiyalı ərazidir. Ağ Şəhər qismən təmizlənir, amma o ərazilərdə vaxtilə 200 ilə yaxın neft çıxarılıb. Buna görə də həmin ərazilər çirklidir. Təbii ki, zamanla təmizlənəcək…”