"Biz elə bir model təklif edə bilərik ki, Rusiya ilə ABŞ və NATO yanaşı mövcud ola bilsinlər..."
Moskva Trampın Ukraynada atəşkəs tələblərini iqtisadi və geosiyasi fürsət kimi qiymətləndirir, lakin hərbi hədəflərindən geri çəkilmək fikrində deyil.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
Nəşr yazır ki, Rusiya hətta rəsmi sülh razılaşması olmadan belə ABŞ-dan əhəmiyyətli güzəştlər əldə edə bilər.
Putinin öz planı var
ABŞ prezidenti Donald Trampın əsas məqsədi Ukraynada müharibəni tez bir zamanda dayandırmaqdır. O, bunu "ölüm yürüşünü" durdurmaq üçün atılan addım kimi təqdim edir.
Lakin Rusiya prezidenti Vladimir Putin üçün atəşkəs danışıqları daha geniş miqyaslı planın bir hissəsidir və o, Vaşinqtonla münasibətləri yaxşılaşdırmaq üçün bu fürsətdən istifadə etməyə çalışır.
İki ayrı proses
Rusiya və ABŞ rəsmiləri Ər-Riyadda Ukraynada qismən atəşkəsin texniki detallarını müzakirə edib. Bu atəşkəs Rusiya hücumlarının yalnız enerji obyektlərinə və Qara dənizdə gəmiçiliyə aid olmamasını nəzərdə tutur. Ukrayna tam atəşkəsə hazır olduğunu bildirsə də, Kreml əvvəlcə ciddi güzəştlər əldə etmək niyyətindədir.
Moskva Trampın saziş bağlamaq istəyindən maksimum istifadə edərək danışıqları uzadır. Rusiya üçün Vaşinqtonla münasibətlərin normallaşması yalnız iqtisadi fayda gətirmir, həm də ölkənin geosiyasi mövqelərini gücləndirir.
Rusiyalı rəsmilər bildirir ki, Kreml Ukrayna məsələsini və ABŞ-la münasibətləri ayrı proseslər kimi görür. Dövlət Dumasının Xarici İşlər Komitəsinin sədr müavini Vyaçeslav Nikonov qeyd edib ki, Putin üçün Vaşinqtonla əlaqələrin normallaşması Ukraynadakı vəziyyətdən daha vacibdir:
"Ukrayna öz yolu ilə gedir. Hərbi əməliyyatlar davam edir. Lakin düşünürəm ki, Putin üçün ABŞ-la münasibətlər Ukrayna məsələsindən daha önəmlidir".
"Tramp sürətli sövdələşmələri sevir"
Moskva Trampın biznes yanaşmasını fürsət kimi görür və ondan iqtisadi güzəştlər gözləyir. Xüsusilə "Boeing" təyyarələri üçün ehtiyat hissələrinin alınması, ticarət məhdudiyyətlərinin yumşaldılması və NATO-nun Avropadakı iştirakının azaldılması məsələləri Rusiyanın gündəmindədir.
Lakin bəlli deyil ki, Tramp bu gözləntiləri Ukrayna üçün daha sərfəli sazişə çevirməyə çalışacaq, yoxsa Putinin taktikasına səbr etməyib bu mövzunu kənara atacaq. Beynəlxalq münasibətlər üzrə rusiyalı ekspert Aleksandr Dınkin qeyd edir: "Tramp sürətli sövdələşmələri sevir. Əgər danışıqlarda böyük çətinliklər görsə, məyus ola bilər və bu məsələni bir kənara ata bilər".
Putin isə Trampın marağını qorumaq üçün cəhdlər göstərir. O, bu ay Moskvada Ağ Evin nümayəndəsi Stiv Uitkoffa Trampın rusiyalı rəssam tərəfindən çəkilmiş
portretini hədiyyə edib. Uitkoff bu anı "çox gözəl bir məqam" kimi xarakterizə edib.
Kreml genişmiqyaslı razılaşma istəyir
Putin Ukrayna ilə bağlı əsas tələblərindən geri çəkilmək niyyətində deyil. Kreml NATO-nun Ukraynanın alyansa üzv olacağına dair zəmanət verməməsini, Qərb alyansının Şərqi Avropadakı təsirinin azalmasını, Ukrayna ordusunun imkanlarının məhdudlaşdırılmasını və Moskvanın Ukraynanın daxili siyasətində təsir imkanlarını qorumasını istəyir.
Moskva hesab edir ki, atəşkəsdən öncə ABŞ-la daha geniş razılaşma əldə etmək lazımdır. Rusiyalı ekspertlər bildirir ki, Kreml atəşkəsdən öncə daha geniş razılaşma üçün "yol xəritəsi" istəyir və BMT sülhməramlılarının NATO ölkələrindən olmaması şərtilə Ukraynaya yerləşdirilməsinə razı ola bilər.
Beynəlxalq münasibətlər üzrə rusiyalı ekspert Fyodor Voytolovski bildirir: "Rusiya üçün uzunmüddətli perspektiv qısamüddətli atəşkəsdən daha önəmlidir. Biz elə bir model təklif edə bilərik ki, Rusiya və ABŞ, eləcə də Rusiya və NATO bir-birinin maraq dairələrinə müdaxilə etmədən yanaşı mövcud ola bilsinlər".
Moskva Trampın biznes yanaşmasını fürsət kimi dəyərləndirir və hesab edir ki, geniş razılaşma ABŞ və Rusiya arasında gələcək əməkdaşlığın əsasını təşkil edə bilər. Dınkinin sözlərinə görə, Kreml hətta ABŞ-ı "dost olmayan ölkələr" siyahısından çıxara bilər.
Bu, amerikalı iş adamları üçün Rusiyada yeni imkanlar aça bilər. Xüsusilə aviasiya sektorunda ABŞ ehtiyat hissələrinin ixracına icazə verilə və Moskva ilə birbaşa uçuşlar bərpa oluna bilər. Rusiya isə amerikalı aviaşirkətlərə Sibir üzərindən tranzit uçuş hüququ verə bilər, bu hüquq 2022-ci ildə ləğv edilib.
Bəzi ekspertlər hesab edir ki, Tramp dərhal sanksiyaları yumşaltmasa da, münasibətlərin normallaşması onların tətbiqində daha elastik yanaşmaya səbəb ola bilər. Beynəlxalq münasibətlər üzrə ekspert Anastasiya Lixaçeva deyir:
"Tramp dərhal sanksiyaları ləğv etməsə də, münasibətlərin yaxşılaşması onların yumşaldılmasına gətirib çıxara bilər. Bu, Rusiya şirkətlərinin beynəlxalq səviyyədə fəaliyyətini asanlaşdıra bilər. Biz bu prosesi bir növ iqtisadi "detoks" kimi qiymətləndirə bilərik".