"Uitkoffun cahilliyi heyrət doğurur, ukraynalıların Rusiyanın bir hissəsi olmaq istədiyini demək biabırçılıqdır..."
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna ilə bağlı qalmaqallı açıqlamaları ilə Kiyevə əlverişsiz atəşkəs razılaşmasını qəbul etdirmək üçün zəmin yaratmağa çalışır.
Moderator.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.
"Uitkoff Ukrayna və Rusiya haqqında kifayət qədər məlumata sahib deyil..."
Nəşr yazır ki, Uitkoff dəfələrlə Rusiyayönümlü narrativlərini təkrarlayıb və bu, onun danışıqlarda obyektivliyinə dair suallar doğurur. Jurnalistlər xatırladır ki, "Fox News"-un keçmiş aparıcısı Taker Karlsona verdiyi müsahibədə Uitkoff Ukrayna və müharibənin səbəbləri haqqında mübahisəli fikirlər səsləndirib.
Bu, analitiklər arasında onun danışıqlar aparmaq üçün kifayət qədər biliyə malik olub-olmaması ilə bağlı şübhələr yaradıb. "Uitkoffun cahilliyi heyrət doğurur, ukraynalıların Rusiyanın bir hissəsi olmaq istədiyini demək biabırçılıqdır..."
Uitkoff iddia edib ki, sülhün əsas maneəsi Ukrayna hökumətinin Rusiya tərəfindən işğal edilmiş əraziləri tanımaması ilə bağlıdır. Lakin o, bu ərazilərin adlarını belə xatırlaya bilməyib. O, Kremlin mövqeyini dəstəkləyərək bildirib ki, bu torpaqların Rusiya tərəfindən idarə olunması- "doğru olan budur".
Bundan başqa, Uitkoff Putinin "Ukraynanın yaradılması" ilə bağlı iddialarını təkrarlayaraq, Rusiyada Ukraynanın "saxta dövlət" kimi görüldüyünü deyib. O, bu bölgələrin İkinci Dünya müharibəsindən bəri Moskvaya məxsus olduğunu və müharibənin əsas səbəbinin də məhz bu olduğunu iddia edib.
O, həmçinin Nikita Xruşşovun Rusiyaya məxsus əraziləri Ukraynaya "hədiyyə etdiyini" bildirib. Bununla yanaşı, Rusiya tərəfindən təşkil olunan "referendumlara" istinad edib, baxmayaraq ki, ABŞ Dövlət Departamenti bunları "uydurma" adlandırıb.
"Uitkoffun cahilliyi heyrət doğurur. O, nəinki hansı əraziləri Rusiyaya vermək istədiyini bilmir, hətta bu torpaqların Ukraynaya necə keçdiyini də səhv izah edir", - "The Wall Street Journal" nəşrinin baş beynəlxalq müxbiri Yaroslav Trofimov deyib.
Sabiq ABŞ Milli Təhlükəsizlik Şurasının əməkdaşı Fil Qordon isə Uitkoffun biliklərinin əsasən Rusiya təbliğatına əsaslandığını qeyd edir. "O, hətta 1991-ci ildə bu ərazilərin əhalisinin müstəqillik lehinə səs verdiyini və 2022-ci ildə Rusiyanın bütün Ukraynanı işğal etməyə çalışdığını belə bilmir", - Qordon deyib.
Böyük Britaniyanın keçmiş deputatı və Rusiya ordusu üzrə ekspert Bob Sili isə Uitkoffun sadəcə Kremlin mövqeyini təkrarladığını bildirir: "Uitkoff tamamilə hazırlıqsızdır. Hətta hansı ərazilərdən danışdığını belə bilmir. Ukraynalıların Rusiyanın bir hissəsi olmaq istədiyini demək, biabırçılıqdır".
"Uitkoff və Tramp Putinin nə istədiyini başa düşmür..."
Məqalədə xatırladılır ki, Rusiya Krım istisna olmaqla, işğal etdiyi ərazilərin tam nəzarətini belə ələ keçirə bilməyib. "Müharibə meydanında tam ələ keçirilməmiş əraziləri Rusiyaya təhvil vermək, ona Dnepr çayının sağ sahilində mövqe qazandıracaq və bu da gələcəkdə Odessaya doğru irəliləyişi asanlaşdıracaq", - Sirakuz Universitetinin professoru Brayan Teylor bəyan edib.
Teylor hesab edir ki, Tramp və Uitkoffun başa düşmədiyi əsas məsələ Putinin sülh axtarmadığı, Ukraynanı tam nəzarətə almaq istədiyidir.
"The Economist" nəşrinin hərbi məsələlər üzrə redaktoru Şaşank Coşi isə Uitkoffun Putinin "mehribanlığı və zəkası" haqqında dediklərinə təəccübləndiyini bildirir: "Rusiyalılar heyrət içində olmalıdır ki, onların qarşısına bu qədər safdil bir adam çıxıb". Məqalədə vurğulanır ki, Uitkoff ya aldanıb, ya da bilərəkdən Ukraynaya əlverişsiz bir razılaşma qəbul etdirmək üçün zəmin hazırlayır.
Uitkoffun açıqlamalarına beynəlxalq reaksiya
Avropa Komissiyasının sözçüsü Anita Xipper bildirib ki, Rusiya tərəfindən təşkil olunan "referendumlar" tamamilə saxtalaşdırılmışdır.
Ukrayna parlamentinin Xarici İşlər Komitəsinin rəhbəri Aleksandr Merejko isə Uitkoffun sülh danışıqlarına rəhbərlik etməsinin qəbuledilməz olduğunu və onun bu vəzifədən uzaqlaşdırılmalı olduğunu söyləyib.
Lakin ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, Uitkoff "öz işini əla görür", onun tənqid olunmasının səbəbini isə "uğurlarına görə qıcıqlanan insanlar" kimi izah edib.