AZ

Azərbaycançılıq ideologiyası: Qarabağın azad olunması məhz bu milli birlik və ideologiya sayəsində mümkün olub

Bütün dövlətlər güclü ideologiya üzərində qurulur və idarə olunur.

Azərbaycançılıq, müstəqil və suveren Azərbaycanın inkişafı, demokratiya və hüquq prinsipləri üzərində qurulmuş bir ideologiyadır. Bu ideologiya, ölkə daxilində vətəndaşların, həmçinin Azərbaycanda yaşayan müxtəlif xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyini əsas prinsiplərindən biri kimi qəbul edir. Azərbaycanın dövlətçilik əsaslarına söykənən Azərbaycançılıq, yalnız Azərbaycanın milli maraqlarını qorumaqla qalmır, eyni zamanda hüquqi, demokratik və sivil bir dövlət qurulmasına yönəlmiş dəyərlər sistemini təmsil edir.

Milli Məclisin deputatı Aydın Hüseynov Operativ Media-ya bildirib ki,Qarabağın azad olunması məhz bu milli birlik və Azərbaycançılıq ideologiya sayəsində mümkün olub:

“Azərbaycançılıq ideologiyası Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, xalqımızın birliyini, dövlətimizin möhkəmliyini və milli həmrəyliyimizi özündə ehtiva edən möhtəşəm bir konsepsiyadır. Bu ideologiya zamanla özünü tam şəkildə təsdiq edib. Artıq bir nəsil Azərbaycançılıq ruhunda böyüyərək formalaşıb. Bu günün gəncləri məhz bu ideologiyanın dəyərləri ilə yetişib, vətənə sevgi və milli qürur hissi ilə yoğrulub. Ümumiyyətlə, ideologiyalar öz gücünü dövlət çətinliklərlə qarşılaşanda, sınaq anlarında göstərir. Azərbaycançılıq ideologiyasının möhtəşəmliyini biz Vətən müharibəsində, xalqımızın Prezident İlham Əliyevin ətrafında birləşərək torpaqlarımızı işğaldan azad etdiyi anlarda gördük. Hər bir azərbaycanlı üçün ölkəmizin hər qarış torpağı doğmadır. Qarabağın azad olunması məhz bu milli birlik və ideologiya sayəsində mümkün oldu. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu ideologiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Deputat bildirib ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qəlbində Vətən sevgisi var:

“Bu gün Azərbaycan gənclərinin valideynləri də Azərbaycançılıq ruhunda böyüyüb və püxtələşiblər. Gələcəkdə də bu ideologiyanın daha da möhkəmlənməsi xalqın birliyi və mənəvi dəyərlərimizə bağlılıqdan keçir. Prezident İlham Əliyev hər zaman gənclərə milli adət-ənənələrimizə hörmətlə yanaşmağı, onları yaşatmağı və qorumağı tövsiyə edir. Azərbaycançılıq ideologiyasının əsasını milli dəyərlərimiz, milli mənafeyimiz və milli birliyimiz təşkil edir. Əminəm ki, bu günkü gənclər bu ideyaları daha da yüksəldəcəklər. Çünki müasir Azərbaycan gəncliyi təhsil, hərb, əmək və digər sahələrdə öz möhkəmliyi ilə seçilir.

Azərbaycançılıq ideologiyasının sərhədlərimizi aşaraq dünyaya yayılması da xüsusi önəm kəsb edir. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qəlbində Vətən sevgisi var. Azərbaycanın nailiyyətləri xaricdə yaşayan soydaşlarımız üçün daim qürur mənbəyidir. Diaspor təşkilatlarımız da Azərbaycançılıq ideologiyasını, onun dəyərlərini və milli birliyimizi xaricdə uğurla təbliğ edir və bundan sonra da bu missiyanı davam etdirəcəklər.

Biz Azərbaycançılıq ideologiyası ətrafında birləşərək bundan sonra da daha böyük uğurlara imza atacağıq. Çünki bu ideologiya təkcə Azərbaycanda deyil, həm də dünyada yaşayan soydaşlarımızın qəlbində yaşayır və onları doğma Vətənlə birləşdirir”.

Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, 1990-cı illərdən etibarən, Azərbaycan ideologiyası əsas prioritet olmağa başlayıb:

“Azərbaycan xalqının milli birliyinin formalaşması mühüm ideoloji prosesdir və bu istiqamətdə həm orta məktəblərdə, həm də ali təhsil müəssisələrində ciddi işlər həyata keçirilməlidir. Bununla yanaşı, xaricdə yaşayan milyonlarla azərbaycanlının da Azərbaycançılıq ideologiyası ətrafında birləşməsi üçün diaspor təşkilatları fəal rol oynamalıdır.

Azərbaycançılıq ideologiyası təkcə milli birlik anlayışı ilə məhdudlaşmır. Bu ideologiya türkçülük dəyərlərini də özündə ehtiva edir. Biz türk xalqı olaraq Azərbaycançılığı inkişaf etdirməli, onu gələcək nəsillərə ötürməliyik. Bu prosesdə dövlət qurumları, siyasi partiyalar, ictimai təşkilatlar və vətəndaş cəmiyyəti mühüm rol oynayır.

Milli birliyin qorunması və möhkəmlənməsi üçün Azərbaycançılıq ideologiyasının davamlı şəkildə təbliği zəruridir. Xüsusilə gənc nəsil bu ideologiya əsasında yetişdirilməli, milli dəyərlərə sahib çıxmağın vacibliyi onlara aşılanmalıdır.

1990-cı illərdən etibarən, Azərbaycan ideologiyası hər zaman əsas prioritet olub. Müstəqillik dövründə yetişən gənclik, Vətən müharibəsində sinəsini irəli verərək torpaqlarımızı düşməndən azad etməklə, bu ideologiyanın gücünü bir daha sübut etdi. Azərbaycan xalqı milli birlik və ideoloji vəhdət sayəsində düşmən üzərində həm hərbi, həm siyasi, həm də psixoloji qələbə qazandı.

Bütün dövlətlər güclü ideologiya üzərində qurulur və idarə olunur. Bu ideologiya millətin daha güclü formalaşmasına və onun dəyərlərinin qorunmasına xidmət edir. Bu baxımdan, Azərbaycançılıq ideologiyasının inkişafı və təbliği davamlı olmalıdır. Yeni nəsillərimizə aydın şəkildə anlatmalıyıq ki, Azərbaycançılığın təməl prinsiplərindən biri türkçülükdür. Gənclərimizi bu mühitdə böyüdərək, milli dəyərlərimizin qorunmasını təmin etməliyik”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideologiyasının təbliği" istiqaməti üzrə hazırlanıb.

Gülcahan Məmmədova

 

 

 

 

 

Seçilən
99
operativmedia.az

1Mənbələr