“Anar Mahmudovun işi yalnız bahalı çaxırlar içmək olub”
“2008-ci ildə Eldar Mahmudov mənə elə bir təklif göndərdi ki, ondan imtina etmək mümkünsüz idi”.
“AzPolitika” xəbər verir ki, bunu Azərbaycan hüquq-mühafizə orqanlarının “MTN işi” ilə bağlı axtarışa verdiyi, zamanında Azərbaycanın ilk internet provayder şirkətləri olan “Oksigen” və “Konnekt” şirkətlərini, “Konnekt TV”-ni yaratmış, eləcə də “Caspian Telecom”-un sahibi olmuş, hazırda isə Kanada vətəndaşlığı daşıyan və Bolqarıstanda yaşayan iş adamı Ayaz Kərimov deyib. Jurnalist Eynulla Fətullayevə Sofiyada müsahibə verən Kərimov uzun illər sabiq MTN “şefi” Eldar Mahmudovun oğlu Anar Mahmudovla “məcburən şəriklik etdiyini” deyib.
Müsahibədən belə məlum olur ki, Kərimov uzun illər mahmudovların “krışası altında” çalışıb və Eldar Mahmudovla qudası Cahangir Hacıyevin cinayətkar qrupunun ofşor şirkətlər vasitəsilə ölkədən milyardlarla vəsait çıxarmasına dair dəyərli məlumatlara malikdir.
“Mahmudov 40 milyon dollarlıq şirkəti əlimdən aldı”
Kərimovun dediyinə görə, hələ 2008-ci ildə Eldar Mahmudov onun şirkətlərinə “əl qoyub”: “Belə deyək, Eldar Mahmudov “könüllü-məcburi” şəkildə bizim şirkətlərin “tərəfdaşı” oldu. Yəni, bizə elə bir təklif edildi ki, həmin vaxt çətin ki, kimsə bundan imtina edə bilərdi…”.
Kazımov ilk görüşünün Eldar Mahmudovun özü ilə deyil, oğlu Anarla olduğunu deyib: “İlk görüşüm onun oğlu ilə oldu. Onun həmin vaxt 22 yaşı vardı. Onun ofisi “Çinar” mağazası olan yerdə (Eldar Mahmudovun yaşadığı evin qarşısında) idi. Onlar deyilənə görə, çaxır anbarı adı altında orada pul saxlayırdılar… Onlar yavaş-yavaş, hissə-hissə bizim şirkəti ələ keçirirdilər. Lakin maraqlıdır ki, şirkəti rəsmən öz adlarına keçirmirdilər, hər dəfə təxirə salırdılar. Onlar faktiki olaraq şirkətin sahibinə çevrilsələr də, o, mənim adımda qalırdı…”
İş adamı deyib ki, müqavimət göstərməyə çalışsa da, sonda 40 milyonluq şirkəti Eldar Mahmudovun quldur dəstəsinə verməyə məcbur olub: “Necə verməmək olardı? Mən xeyli mübarizə apardım, müqavimət göstərdim. Onda mənə dedilər ki, “cavan oğlan, biz hər şeyi başa düşürük, amma sizin maşınınızdan nəsə tapıla bilər, siz təsadüfən narkotiklə məşğul deyilsiniz?”. Mənimsə ailəm, iki uşağım vardı…”
“O, rəsm əsərlərini və xalçaları sevir”
Kərimov deyib ki, Eldar Mahmudova tez-tez bahalı hədiyyələr, rəsm əsərləri və xalçalar bağışlayıb: “Mən əmin idim ki, Eldar Mahmudov rəsm əsərlərini, xalçaları sevir. Bütün bunlara baxmayaraq, Eldar Mahmudov heç vaxt mənimlə birbaşa ünsiyyət qurmurdu. Onu cəmi üç dəfə görmüşəm. Bir dəfə onun kabinetində və iki dəfə toyda…”
