“Ermənistanın konstitusiya dəyişikliyi ilə bağlı referendumu uzatması fonunda, Azərbaycana qarşı ərazi iddialarının qarşsını almaq üçün sülh sazişinə xüsusi maddə əlavə edilə bilər”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspert qeyd edib ki, Ermənistan konstitusiya dəyişikliyi ilə bağlı referendumu 2027-ci ildə keçirməyi planlaşdırır ki, bu da Azərbaycanın marağına uyğun deyil:
“Təbii ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi nə Azərbaycanın, nə də regionun maraqlarına uyğun deyil və sülh sazişinin imzalanmasını təxirə salır. Lakin hesab edirəm ki, sülh sazişinə bununla bağlı xüsusi maddə də əlavə edilə bilər. Ermənistan sülh sazişində üzərinə öhdəlik götürə bilər ki, heç vaxt Azərbaycana qarşı ərazi iddiası irəli sürməyəcək. Düşünürəm ki, bu variant da bizim üçün əlverişli ola bilər. Zənnimcə, belə olarsa, o zaman Ermənistanın sülh sazişinin imzalanmasına mane olan süni əngəllərinin də qarşısını almaq mümkün olar”.
Seymur ƏLİYEV