22 mart 2025-ci il tarixində Abşeron rayonunun Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisində 350 nəfərlik mərasim evinin açılışı olub, iftar süfrəsi verilib. 40 gün ərzində inşa edilən mərasim evi kondinsionerlər, müasir havalandırma sistemi, təhlükəsizlik kameraları, mətbəx, anbar, sanitar qovşağı və digər təchizatla tam təmin olunub. Bununla yanaşı, məsciddəki cənazə evi yenidən inşa edilib, ərazidə geniş yaşıllaşdırma işləri aparılıb.
Açılış günündə şəhid ailələri, müharibə veteranları, kənd sakinləri üçün iftar süfrəsi təşkil edilib. İftar süfrəsində məscidin axundu və məclisin aparıcısı Hacı Ələsgər Mikayılzadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Bəxtiyar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, Sumqayıt “Cümə” məscidinin axundu, Abşeron, Sumqayıt, Xızı bölgə qazisi Hacı Rauf Sərdarov iştirak edib, Qurandan surələr oxunub, Ramazan ayının fəzilətlərindən bəhs edilib.
İftar süfrəsində Ümummilli lider Heydər Əliyevin, eləcə də dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərin xatirəsi ehtiram hissi ilə yad edilib, onların ruhuna dualar oxunub. Məclis iştirakçıları həmçinin, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dövlətimizin əmin-amanlığı və firavanlığı üçün də dualar edib, xalqımıza, dövlətimizə, ordumuza uğurlar diləyiblər.
Şəhid ailələri və veteranlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz minnətdarlıqlarını bildiriblər.
Məscidin axundu Hacı Ələsgər Mikayılzadə məscid ərazisində müasir mərasim evinin inşasına, habelə məscid ərazisində həyata keçirilən ümumi abadlıq işlərinə görə iş adamı Hacı Cəlil Nağıyevə təşəkkür edib. Axund bildirib ki, bu cür xeyirxah əməllər digər vətəndaşlara örnək olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin təbliği və qorunması baxımından da mühüm əhəmiyyətə malikdir.
İftar süfrəsində çıxış edən din xadimləri, ağsaqqallar Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsinə diqqət çəkib, bundan sonra da Azərbaycanın rifahı və tərəqqisi naminə hər bir kəsin dövlətimizə, dövlət başçısına dəstək verməyin, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməyin zəruriliyinə toxunublar.
Din adamları çıxışlarında dövlətimizin Qarabağda apardığı böyük abadlıq işlərinə, bu prosesin miqyas və əhəmiyyətinə diqqət çəkib, Qarabağ Dirçəliş Fonduna ianə olunub.
Seymur ƏLİYEV