Bakıda təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan millisi bu gün 2025-ci ildəki növbəti yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, Fernando Santosun rəhbərlik etdiyi yığmamız Belarus milli komandasını qəbul edib.
“Masazır Arena”da baş tutmuş görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edib. Oyunun baş hakimi Aleko Aptsiauri olub.
Fernando Santosun gəlişindən bəri qələbəyə həsrət olan Azərbaycan millisi bu uğursuz seriyaya son qoymağa çalışıb. Komandamız təcrübəli portuqal mütəxəssisin rəhbərliyi altında bu matça qədər 7 oyun keçirmiş, cəmi 1 heç-heçə etdiyi halda 6 görüşdə məğlubiyyətə üzülmüşdü. Top fərqi də biabırçı mənzərə yaradırdı – 3:20.
Komandamız cəmi bir neçə gün öncə Sumqayıtda keçirilmiş sınaq matçında Haitiyə uduzmuşdu. Məhz bu biabırçı məğlubiyyətdən sonra yığmamıza olan təzyiq daha da artmışdı.
Azərbaycan millisi tarixində 7-ci dəfə Belarus yığması ilə qarşılaşıb. Buna qədər sözügedən komandalar 4 dəfə yoxlama oyununda üz-üzə gəlmişdilər. 1996-cı ildə Molodeçnoda keçirilmiş ilk sınaq görüşündə qalib müəyyənləşməmişdi – 2:2. 2001-ci ildə Albenada, 2021-ci ildə isə Minskdə keçirilmiş oyunlarda Azərbaycan millisi müvafiq olaraq 1:0 və 2:1 hesablı qələbələrə sevinmişdi. 2018-ci ildə Bakıda keçirilmiş yoxlama görüşü isə Belarusun 1:0 hesablı qələbəsiylə yekunlaşmışdı.
2022-ci ildə isə Azərbaycan və Belarus yığmaları UEFA Millətlər Liqası çərçivəsində qarşılaşmışdılar. Novi Sadda keçirilmiş səfər oyunundan heç-heçə (0:0) ilə qayıtmış millimiz Bakıdakı görüşdə də 2:0 hesablı qələbəyə sevinmişdi. Bir sözlə, Belarus yığmasını millimiz üçün düşərli rəqiblərdən saymaq olardı.
Masazırda baş tutmuş matç komandamızın tarixində 307-ci sınaq olub. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzmuş komandamız Belarusla görüşədək 306 oyuna çıxmışdı. Bu müddətdə 61 qələbə qazanmış futbolçularımız 79 heç-heçəyə nail olmuşdular və 166 dəfə uduzmuşdular. Əvvəlki 306 qarşılaşmada 235 qol vurmuş futbolçularımız 513 top buraxmışdılar.
Bu, millinin yoxlama oyunları çərçivəsində 141-ci matçı olub. Daha öncə 140 belə qarşılaşma keçirmiş Azərbaycan millisi 40 qələbə qazandığı halda 45 heç-heçə etmiş və 55 dəfə uduzmuşdu. 134 qol vurmuş millimiz 178 top buraxmışdı.
Təəssüf ki, Belarusla bu oyun da millimiz üçün uğursuz alınıb. Komandamız ikinci hissədə buraxdığı 2 qol nəticəsində növbəti məğlubiyyətinə üzülüb.
Yoxlama oyunu
25 mart
Azərbaycan – Belarus 0:2
Qollar: Pavel Zabelin, 59. Nikita Demçenko, 78.
Baş hakim: Aleko Aptsiauri (Gürcüstan).
Baş hakimin köməkçiləri: Davit Axvlediani, Davit Qabisonia (hər ikisi Gürcüstan).
Dördüncü hakim: Tural Qurbanov (Azərbayan).
“Masazır Arena”. Saat 21:45.
Azərbaycan: 23. Rza Cəfərov, 4. Bəhlul Mustafazadə (k), 6. Ozan Can Kökçü, 10. Mahir Emreli, 14. Zamiq Əliyev, 17. Toral Bayramov, 18. Səbuhi Abdullazadə, 19. Nəriman Axundzadə, 21. Mert Çelik, 24. Xəyal Əliyev, 25. Şahin Şahniyarov.
Ehtiyat oyunçular: 1. Əlirza Müştəbəzadə, 12. Aydın Bayramov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 7. Coşqun Diniyev, 8. İsmayıl İbrahimli, 9. Renat Dadaşov, 11. Ağadadaş Salyanski, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 16. Elvin Camalov, 20. Aleksey İsayev, 22. Musa Qurbanlı.
Baş məşqçi: Fernandu Santuş.
Belarus: 16. Fyodor Lapouxov, 2. Kirill Peçenin, 3. Pavel Zabelin, 4. Aleksey Qavriloviç, 6. Sergey Politeviç (k), 9. Maks Ebonq, 10. Valeri Qromko, 14. Yevgeni Yablonski, 17. Vitali Lisakoviç, 19. Yuri Kovalev, 23. Trofim Melniçenko.
Ehtiyat oyunçular: 1. Maksim Belov, 12. Pavel Pavlyuçenko, 5. Yeqor Parxomenko, 7. Pavel Sedko, 8. Valeri Boçarov, 11. Artyom Kontsevoy, 13. Maksim Kasarab, 15. Nikita Demçenko, 18. German Barkovski, 20. Dmitri Prişepa, 21. Artyom Şumanski, 22. Vadim Piqas, 24. Kirill Zinoviç.
Baş məşqçi: Karlos Alos.