AZ

Fernando Santos: “Nəticə ürəkaçan olmasa da…”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernando Santos bu gün Belarus yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, “Masazır Arena”da baş tutmuş oyun millimizin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Fernando Santos matçdan sonra keçirilmiş mətbuat konfransında əvvəlcə bunları söyləyib:

“İlk hissədə hər iki komandanın intensiv oyununu gördük. Balanslı oyun keçdi. İlk 10-15 dəqiqə oyunçularım daha çox müdafiəyəmeyilli oynayırdılar. Onlara başa saldıq ki, irəli çıxmaq, futbol oynamaq lazımdır. Ondan sonra yavaş-yavaş hücumlar qurmağa başladılar. İkinci hissəyə yaxşı başladıq. Xəyal Əliyev mükəmməl oynayırdı. Müdafiədə və hücumda çox işləməli olurdu. Toral Bayramovun da zərbəsi oldu. Renat Dadaşovu meydana buraxdım ki, fiziki cəhətdən yaxşıdır, topu ona verərək tez itirməyək. Şahin Şahniyarovun oyununu da vurğulayardım, yaxşı oynadı. İlk oyunu idi. 55-ci dəqiqədən sonra çətinlik çəkdiyini hiss etdik və onu dəyişdik. Təəssüf ki, asan qollar buraxdıq. Bu da futbolun bir hissəsidir. Bu cür şeylərə görə çox üzülürük. Rəqib 1:0 irəli keçdikdən sonra ruhdan düşmədik. Çalışırdıq ki, bərabərlik qolunu vuraq. Hiss edirdim ki, qol vura bilərik. Buna görə üçlü müdafiə sisteminə keçdik. İrəlidə iki hücumçu ilə oynayırdıq. Cinahlardan da asmalar edirdik. Amma ikinci qolu buraxdıq. Yüksək səviyyəli rəqabətdə, mübarizədə belə bəsit qollar buraxmaq olmaz. Komandam yaxşı çıxış etdi. Pozitiv cəhətlər çox oldu. Bu gün oynayanların hər biri milli səviyyəsində oynamağa bacarığı olduğunu göstərdilər. Nəticə neqativ oldu, istədiyimizi əldə edə bilmədik.

Uduzmamaq üçün hər şeyi edirik. Oyunçularım əlindən gələni etdilər ki, uduzmasınlar. Hamısı üzgündürlər. İşimizə davam etməliyik. Bu gün oyunçular yaxşı çıxış etdilər. Öz üzərimizdə işləməliyik ki, nəticə də gəlsin”.

Fernando Santos bu oyunda kobud səhvləri olan Zamiq Əliyev və digər oyunçular barədə sualları da cavablandırıb:

“Unutmayaq ki, Zamiqin 20 yaşı var. Bu gənclər hamısı davamlı oynamalıdırlar ki, özlərinə inam yaransın. Belə olanları dərhal itirə bilmərik. Qismət Alıyev milliyə cəlb olunub. Mən oyunlara baxıram, Amin Seydiyevin, Mert Çelikin oyununu daha çox bəyəndim”.

“Hamıdan çox mən üzgünəm” – Fernando Santos

Fernando Santos millimizin heyətində üzləşdiyi ardıcıl məğlubiyyətlərə də münasibət bildirib:

“Milli komanda ilə 109 oyun keçirmişəm. Onun 20-də uduzmuşuq. Portuqaliya və Azərbyacan millisini müqayisə edə bilməzsiniz. Portuqaliyada 2 oyun uduzanda istefaya göndərirlər. Mən heç vaxt ardıcıl 2 oyunda uduzmamışam. Avropa çempionu və UEFA Millətlər Liqasının qalibi olmuşam. Yunanıstanda da ardıcıl 2 oyun uduzmamışam. Baş məşqçinin işi odur ki, oyunçuların potensialına baxsın, hazırlasın. Bu gün bir addım önə atdıq. Çoxlu gənclər oynadı. Bu da irəliyə atılmış addımdır. Bu işə köklənmişik.

Əlbəttə, azarkeşlərin istəklərini qarşılamalıyıq, onları sevindirməliyik. Onlarla eyni hissləri keçiririk. Bu nəticələrə görə üzülürük. Heç kim hazırkı duruma görə sevinmir, nə mən, nə oyunçular. Əlimizdən gələni etməliyik ki, bu vəziyyəti yaxşıya doğru dəyişək. Kifayət qədər də gücümüz var ki, işimizi davam etdirək. Gün gələcək ki, azərbaycanlı azarkeşlər, futbol ictimaiyyəti də nəticələrə sevinəcək. Düşündüyümdən çox çəkəcək. Amma mən dərk edirəm ki, asan bir şey deyil. Bu haqda söhbətlər edəndə də vurğulamışam ki, asan bir şey deyil. Rəhbərliklə də danışanda 3 il+1 il müqavilə razılaşdırmışıq. Bundan öncə də hamısını başa salmışam. Əgər 1 və ya 2 illik layihə olsaydı, bura gəlməzdim. Gəlməyəcəkdim. Çünki bilirəm ki, asan proses deyil. Azərbaycan mükəmməl ölkədir, Bakı mükəmməldir, hər şey top səviyyədədir. Bu haqda danışmırıq. Dəfələrlə demişəm. Bəlkə də hamıdan çox üzgünəm. Karyeram boyu bu qədər uduzmamışdım. Öz işimə inanıram, oyunçuların potensialına da inanıram. İstədiyimiz nəticələri əldə edə bilərik.

İnkişaf etmək istəyiriksə, daha güclü rəqiblərə qarşı oynamaq lazımdır. Qələbə qazanmaq üçün ən aşağı səviyyə millilərlə razılaşıb, oynayarıq. Hamı bu nəticələrə sevinər. Daha güclü rəqiblərlə oynayacağıq ki, inkişaf edək”.

“Azərbaycanda oynayan belaruslu futbolçuları izləyirik” – Karlos Alos

Belarus yığmasının baş məşqçisi Karlos Alos isə millimiz üzərindəki qələbəyə belə şərh verib:

“Biz yaxşı oyun oynadıq. Oyunumuzdan razı qaldım. İlk hissədə qol vurmaq üçün şanslarımız var idi. Amma istifadə edə bilmədik. Qapımızda da epizodlar oldu. Ümumilikdə, oyunda diqtə edən tərəf idik. Qalibiyyətə görə şadıq. Növbəti oyunlara hazırlaşacağıq.

Azərbaycan millisi yaxşı komandadır. Onlara hörmətlə yanaşırıq. Heyətində yaxşı futbolçular var. İki il əvvəl biz Azərbaycana uduzmuşduq. Tacikistan yığmasına hörmətlə yanaşırıq. Oradakı oyunu süni örtüklü meydançada keçirmişdik. Bu gün təbii örtüklü meydanda oynadıq. Fərqli matçlar olsa da, bu gün hardasa bizə daha çətin oldu.

Azərbaycanda oynayan belaruslu futbolçuları izləyirik. Yeqor Boqomolskinin hazırda oyun təcrübəsi azdır. Amma millinin qapıları onun üzünə bağlı deyil. Sadəcə, daim oynamaq lazımdır”.

Seçilən
115
arena.az

1Mənbələr