2025-ci ildə “Qələbə Silahı” proqramı çərçivəsində Ukrayna Müdafiə Nazirliyi 12 yerli silah istehsalçısı ilə ümumilikdə 130 milyard qriven (3.1 milyard ABŞ dolları) məbləğində müqavilələr bağlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Satınalma Siyasəti Departamentinin direktoru Qleb Kanevski Ukrayna İşəgötürənlər Federasiyasının nümayəndələri ilə onlayn görüş zamanı bildirib.
Görüşün əsas mövzusu Ukrayna Müdafiə Nazirliyinin 2025-ci il üçün satınalma siyasətindəki prioritetlər olub. Qeyd edilib ki, burada əsas diqqət “Qələbə Silahı” proqramına yönəldilib. Bu proqram milli silah və hərbi texnika istehsalçıları üçün üç, beş və ya 10 il müddətinə uzunmüddətli müqavilələr imzalamaq mexanizmini nəzərdə tutur.
Q.Kanevski “Qələbə Silahı” proqramına daxil olmaq və uzunmüddətli müqavilələr bağlamaq istəyən Ukrayna silah istehsalçıları üçün tələblərdən danışıb. O bildirib ki, əsas kriteriyalara kodaşdırma prosesindən keçmək, seriya istehsalını təşkil etmək, yerli komponentlərin payını ən azı 50%-ə çatdırmaq və digər şərtlər daxildir.