Ötən həftə prezident Donald Trampın göstərişi ilə ABŞ Milli Arxivi Con Kennedinin qətli ilə bağlı 63 min səhifədən çox ibarət yeni sənədlər qrupunu ictimaiyyətə təqdim edib. Sənədlərdə Kennedinin qətli ilə bağlı sui-qəsd nəzəriyyələrini nə təsdiq, nə də təkzib edən qəti dəlillər olmasa da, diqqəti çəkən detallar arasında Soyuq Müharibə dövründə MKİ-nin həyata keçirdiyi gizli əməliyyatlarla bağlı çoxlu sənədlər var idi. Bunlardan ən diqqət çəkəni Sovet İttifaqına gedən Kuba şəkərini qəsdən korlamaq planı idi.
Hafta.az-ın yazdığına görə, 1962-ci ilin avqustunda Kubadan yola düşən 7 min ton şəkər yüklü ingilis gəmisi nasazlıq səbəbindən Puerto Rikonun San Juan limanında dayanıb. Orada müvəqqəti saxlanılan 14 min kisədən 800-nə MKİ agentləri zəhərli olmayan, lakin şəkəri dözülməz dərəcədə acı edən maddə qatıblar. MKİ əməliyyatdan sonrakı hesabatında SSRİ-nin bu təxribat göndərişinə görə təxminən 400 min dollar itirdiyini bildirib. Bu rəqəm bugünkü dəyərlə 4 milyon dollara bərabərdir.
Sözügedən sənədlər təkcə Kennedinin qətli ilə bağlı deyil, həm də MKİ-nin dünyadakı nüfuzuna işıq salır. Məsələn, 1959-cu ildə ABŞ-a səfəri zamanı İordaniya kralı Hüseynə “qadın yoldaş” təyin etməsindən tutmuş Fidel Kastronu öldürmək planlarında mafiya ilə əməkdaşlıq etməsinə qədər olan hadisələr silsiləsi ABŞ kəşfiyyatının bütün soyuq müharibə dövründə necə işlədiyini ortaya qoyur.