AZ

"Dünyanın yarısı bizim diktaturamızı xəyal edir" - Lukaşenko 

 
"Belarusda demokratiya özünü "demokratiyanın etalonu" adlandıran ölkələrdəkindən daha çoxdur..."
 
Aleksandr Lukaşenko rəsmi olaraq Belarus Respublikasının prezidenti vəzifəsinə başlayıb.Yanvar ayında keçirilən seçkilərdə o, rekord həddə- 86,82 faiz səs qazanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "gazeta.ru" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, bu müddət Lukaşenko üçün yeddinci prezidentlik dönəmidir. İnauqurasiyadan sonra Belarus lideri özünü "xoşbəxt prezident" adlandıraraq, dünyanın yarısının Belarusdakı "diktatura"nın xəyal etdiyini bəyan edib.
 
İnauqurasiya mərasimi
 
Aleksandr Lukaşenko rəsmi olaraq prezident vəzifəsinə başlayıb. İnauqurasiya mərasimi Minskdə, Müstəqillik Sarayının rəsmi mərasimlər zalında keçirilib. Lukaşenko sağ əlini konstitusiyanın üzərinə qoyaraq, Belarus dilində and içib.
 
Daha sonra Belarusun dövlət himni səslənib və prezident andiçmə aktını imzalayıb. Mərkəzi Seçki Komissiyasının rəhbəri İqor Karpenko ona prezident vəsiqəsini təqdim edib. İnauqurasiya mərasiminə min nəfərdən çox insan dəvət olunub. Rusiyanı mərasimdə Belarusdakı səfir Boris Qrızlov təmsil edib.
 
Vəd və arzular
 
İnauqurasiyadan sonra Lukaşenko çıxış edərək, Belarusun suveren dövlət yaratdığını və bununla fəxr etdiyini vurğulayıb. O, bildirib ki, Belarusda demokratiya, özünü "demokratiyanın etalonu" adlandıran ölkələrdəkindən daha çoxdur.
 
"Dünyanın yarısı bizim diktaturamızı- real işlər və xalqımızın maraqlarına əsaslanan diktaturanı xəyal edir. Bizdə söz azadlığı ilə də hər şey qaydasındadır", -  yeddinci dəfə prezident seçilən Lukaşenko bəyan edib.
 
O, özünü "xoşbəxt prezident" adlandırıb və Belarusun "yaşamaq istənilən ölkə" olduğunu vurğulayıb: "Mən xoşbəxt prezidentəm, çünki ətrafımda doğma vətənini sevən əsl həmfikirlərim var. Heç bir dövlət liderinin belaruslar kimi zəhmətkeş və etibarlı insanları yoxdur," - Lukaşenko deyib.
 
O, həmçinin öz tərəfdarlarını heç vaxt satmayacağını vəd edib: "Siz mənim bütün həyatımsınız və mən sizə göstərdiyiniz böyük etimadı doğrultmaq üçün maksimum səy göstərəcəyəm. Hamımıza sülh, xeyirxahlıq, sağlamlıq, xoşbəxtlik və enerjili olmaq arzulayıram ki, qarşımıza qoyulan böyük vəzifələri yerinə yetirə bilək," - o, deyib.
 
Belarus lideri ölkəsinin bir çox dost və müttəfiqə sahib olduğunu qeyd etdi. O, Belarusun "bu gün qlobal çoxluğu təşkil edən dövlətlər- Rusiya, Çin, MDB tərəfdaşları, ŞƏT və BRİKS ölkələri ilə dostluq əlaqələri" saxladığını vurğulayıb.
 
Lukaşenko həmçinin NATO qoşunlarının Belarus sərhədlərində olduğunu və Qərbin ölkəni münaqişəyə cəlb etməyə çalışdığını bildirib: "Bizim borcumuz,
hərbi geyimdə olanların borcu ölkənin müdafiəsini gücləndirmək və doğma torpağı hər cür təhdiddən qorumaqdır", - o, bəyan edib.
 
Müxalifətə mesaj
 
Lukaşenko həmçinin Belarusun sanksiyalar qarşısında geri çəkilmədiyini və əyilmədiyini, bunun isə onun rəqiblərini qıcıqlandırdığını qeyd edib: "Bu, ən primitiv formada çirkin və qeyri-ədalətli iqtisadi rəqabətdir. Həm də təkcə iqtisadi yox. Amma bu çətin şəraitdə belə, biz çox şeyə nail olduq, irəliyə getdik və yeni bacarıqlar qazandıq," - Lukaşenko bildirib.
 
O, vurğulayıb ki, ölkənin qarşıdakı beş illik əsas prioritetləri güclü iqtisadiyyat və innovativ layihələr olacaq. Belarusun "yeni intellektual yarışda uduzmamaq üçün hər şeyə sahib olduğunu" qeyd edib. Lukaşenko çıxışında Belarus müxalifətinə də müraciət edərək, onların xaricdən qrantlar uğrunda vətənlərini satdıqlarını bildirib: 
 
"Siz vətənimizi qrantlar uğrunda satdınız, lakin əslində buna baxmayaraq, ölkəmiz daha güclü olub. Biz sizin təhlükə altına qoyduğunuz sülhü qoruyuruq. Biz sizin xarici ağalarınızdan sanksiyalar və bombalar dilənərək risk altına atdığınız rifahı təmin edirik. Siz bizə sahib olduqlarımızı qiymətləndirməyi və qorumağı öyrətdiniz. İnsanlar hər şeyi görür. Sizin dəstəyiniz yoxdur və olmayacaq. Sizin gələcəyiniz yoxdur. Sizin və sizin kuratorlarınızın bizim birliyimizə qarşı qoyacaq heç nəyiniz yoxdur", - Lukaşenko vurğulayıb.
 
O, həmçinin prezident seçkilərində iştirak etmiş digər namizədlərə də müraciət edərək, seçkilərdə "əsl və şəffaf rəqabətin" nümayiş etdirildiyini iddia edib. Lukaşenko "daxili intriqalar və xarici qüvvələrin manipulyasiyası olmadan" mübarizənin aparıldığını qeyd edib. O, əlavə edib ki, hər bir Belarus vətəndaşının konstitusiya ilə təmin edilmiş ifadə azadlığı var. Lakin Lukaşenko xəbərdarlıq edib ki, "azad söz ölkəni dağıtmaq üçün bir vasitəyə çevrilməməlidir".
 
Belarusda prezident seçkiləri
 
Belarusda prezident seçkiləri yanvarın 26-da keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Aleksandr Lukaşenko 86,82 faiz səs toplayaraq qalib gəlib. Seçkilərdə ikinci yeri 3,21 faiz səslə Belarus Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi, keçmiş deputat Sergey Sırankov tutub. Üçüncü yerdə isə 2,02 faiz  səslə Liberal-Demokratik Partiyasının lideri, deputat Oleq Qaydukeviç qərarlaşıb.
 
Bu, Lukaşenkonun yeddinci prezidentlik müddətidir. O, 1994-cü ildən fasiləsiz olaraq Belarus Respublikasına rəhbərlik edir. Lukaşenko Belarusun ilk və indiyə qədər yeganə prezidenti olmaqla yanaşı, Silahlı Qüvvələrin Ali Baş Komandanı vəzifəsini də icra edir. O, 1994, 2001, 2006, 2010, 2015, 2020 və 2025-ci illərdə keçirilən prezident seçkilərində iştirak edib. Mərkəzi Seçki Komissiyası 3 fevral tarixində seçkilərin yekun nəticələrini rəsmi olaraq təsdiqləyib.
Seçilən
55
moderator.az

1Mənbələr