AZ

Argentina millisi rekordları sıraladı, DÇ-2026-ya çıxdı

Argentina millisi 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının (DÇ-2026) final mərhələsinə vəsiqə əldə edib.

Arena.az məlumat verir ki, “albiseleste”yə dünya çempionatına vəsiqəni CONMEBOL bölgəsinin seçmə mərhələsinin 14-cü turu çərçivəsində keçirilmiş Boliviya – Uruqvay oyununun nəticəsi (0:0) “hədiyyə” edib.

Belə ki, yarış cədvəlində yaranmış vəziyyət Argentina yığmasının xeyrinə işləyib. “Albiseleste” isə evdə Braziliya millisi ilə 14-cü tur oyununda “selesao” üzərində 4:1 hesablı darmadağına sevinib.

Argentina yığması Braziliya millisi üzərində 1962-ci ildən bəri rəsmi oyunlarda ilk dəfə olaraq üç top fərqi ilə qələbə qazanmağa müvəffəq olub. Sonuncu dəfə “albiseleste” müvafiq uğura 1963-cü ilin mart ayının 24-də Cənubi Amerika Çempionatının qrup mərhələsi oyununda nail olmuşdu. O vaxt Argentina yığması Braziliya millisini 3:0 hesabı ilə məğlub etmişdi.

Yoladaşlıq oyunlarını nəzərə almaqla isə Argentina yığması Braziliya millisini 1964-cü ilin iyun ayının 3-dən bəri üç və ya daha artıq top fərqi ilə məğlub edə bilmirdi. O vaxt da “albiseleste” “selesao” üzərində 3:0 hesablı qələbə qazanmışdı.

Rekordlara gəlincə, bu qələbə sayəsində Argentina millisi iki tarixi rekorda nail olub. Əvvəla, Argentina yığması dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya millisini hər iki oyunda məğlub etməyi bacarmış ilk komanda olub. Xatırladaq ki, Braziliyada keçirilmiş ilk oyunda da “albiseleste” qalib gəlmişdi – 1:0.

İkincisi, Argentina yığması dünya çempionatının seçmə mərhələ oyunlarında Braziliya millisinə dörd qol vurmağı bacarmış ilk komanda olub.

14 turdan sonra Argentina millisi 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi seçmə mərhələsinin yarış cədvəlinə 31 xalla başçılıq edir. Braziliya millisi isə 21 xalla 4-cü pillədədir.

Seçilən
73
arena.az

1Mənbələr