AZ

Qəbirstanlıqda tonqal yandırmaq ənənəsi: “Ruhlar öz evlərini, ailələrini bu işıqda tapa bilsinlər deyə...” - FOTOLAR

 
Azərbaycanda tonqal yandırmaq ənənəsi lap qədim zamanlardan mövcud olub. İnsanlar odu, tonqalı çiy ətləri bişirmək, isinmək üçün qalayıblar. Novruz bayramı ərəfəsində sosial şəbəkələrdə qəbirüstündə tonqal yandırılması ilə bağlı görüntülər paylaşıldı. Əksər bölgələrdə belə bir adətin olduğunu deyənlər var. Bəs görəsən qəbirüstündə tonqal yandırmaq ənənəsi hardan gəlir?
 
Folklorşünas Atəş Əhmədli Moderator.az-a açıqlamasında bildirib ki, məzarlıqda od yandırılması bu gün baş verən hadisə deyil.
 
 
“Bunun ənənəsi var. Ta qədim dövrlərdə insanlar ruhların yada salınması üçün bu tonqalları yandırıblar. Professor Məhəmmədhüseyn Təhmasib öz qeydlərində də yazırdı ki, qədim etiqada görə Novruz bayramı axşamı odun yandırılması ənənəsi var idi. Təkcə qəbir üstündə yox, məzarlıqdan uzun məsafələrə qədər tonqallar yandırılardı. Söhbət əlbəttə ki, şəhər yox, kənd mühitindən gedir. Qəbirüstü ərazi ilə evlər olan ərazidə qalanan tonqallar ruhların xatirəsi üçün yandırılırdı ki, ruhlar gecə vaxtı öz evlərini, ailələrini bu işıqda tapa bilsinlər” deyə o bildirib.
 
Atəş Əhmədli deyir ki, bu Zərdüştlük dövründən gələn ənənədir:
 
 
“Zərdüştlük dövründə oda xüsusi bir münasibət var idi. Od Zərdüştlük dövründə xüsusi bir təlim kimi önə çəkilirdi. Bu təkcə od məsələsi deyildi, işıq, günəşin istiliyinin enerjisi də müqəddəsləşdirilirdi. Ruhların yada salınması xüsusi bir mərasim, ritual idi. Bu ritualda od əsas atribut kimi önə çəkilirdi. Çox maraqlıdır ki, son dövrlərə qədər bu adət gəlib çıxıb. Bizim Qərbi Azərbaycandan olan alim həmkarlarımız var, onlar da qeyd edirlər ki, qəbirüstündə tonqal yandırılması şenlik adı altında həyata keçirilirdi. Ələxsus da Göyçə mahalında.. Bu şenliyi onlar ölü xatirinə, ruhların yada salınması üçün edirdilər. Axı qədim inanclara görə insan fiziki olaraq yox olur. Ruhən insan ailəsinə yaxın olur, ailəsi tərəfindən yada salınır. Hətta Novruz bayramı axşamı plov süzən zaman analarımız, nənələrimiz ocağa duz atanda ruhları yada salıb, adlarını çəkirlər. Bizim Zərdüştlükdən əvvəlki dövrlərdə də bu ənənə təbiətin ölüb-dirilməsi halı kimi qeyd olunub. Yaz fəsli, bahar bayramının gəlişi ölən qışın yaz şəklində dirilməsi halı kimi qeyd olunub. Hətta Şumer dövründən ölən-dirilən təbiətin şəninə törənlər keçirilib. Orada od məsələsi yoxdur. Orada bitki və heyvan qurbanları verilib. Ona görə də bizim bəzi dindarlarımız bu bayramı atəşpərəstliyin qalığı kimi adlandırırlar. Bunun kökünü bilmədən, mənbəyini araşdırmadan danışırlar. Çox səhv bilirlər. Zərdüştlükdən də əvvəl İbtidai İcma Quruluşunda ölən təbiətin yenidən yaz şəklində dirilməsi bayram kimi qeyd olunub” deyə folklorşünas bildirib.
Seçilən
60
moderator.az

1Mənbələr