İsveçrənin Neşatel şəhərində çalışan həkimlər, ruhi və fiziki sağlamlığı yaxşılaşdırmaq məqsədilə yeni bir təşəbbüs çərçivəsində xəstələrinə yazdığı resept maraqla qarşılanıb.
“Cebheinfo.az” xəbər verir ki, yerli hakimiyyət orqanları tərəfindən başlanan pilot layihəyə əsasən, artıq həkimlər müalicənin bir hissəsi kimi “muzey ziyarəti” təyin edə biləcəklər.
“Euronews”un məlumatına görə, bu təşəbbüs şəhərdəki dörd muzeydən istənilən birinə giriş haqqını qarşılayır.
Həmçinin, insanları mədəni fəaliyyətlərə cəlb edərək onların ruh sağlamlığını yaxşılaşdırmağı və rahatlıq tapmalarına kömək etməyi hədəfləyir.
Ümumdünya Səhiyyə Təşkilatının 2019-cu ildə yayımladığı hesabatda qeyd edilir ki, sənətlə məşğul olmaq və mədəniyyətlə təmasda olmaq ruh sağlamlığı üçün faydalıdır.
Araşdırmalar göstərir ki, incəsənət terapiyası travmanın təsirlərini azaltmaqdan tutmuş, idrak geriləməsini yavaşlatmağa qədər bir çox müsbət təsirə malikdir.
Qeyd edək ki, layihə çərçivəsində indiyə qədər 10 min İsveçrə frankı dəyərində büdcə ayrılıb və təxminən 500 resept yazılıb.
Əgər layihə uğur qazansa, yerli hakimiyyət orqanları proqramı teatr, rəqs və digər mədəni tədbirləri də əhatə edəcək şəkildə genişləndirməyi planlaşdırır.
Bildirilib ki, burda əsas məqsəd xəstələri evdən çıxmağa, hərəkət etməyə və heç olmasa bir saatlıq da olsa, muzeydə vaxt keçirməyə təşviq etməkdir.