Yunan riyaziyyatçısı, coğrafiyaçısı Klavdi Ptolemey, islam coğrafyaçısı və səyyahı Əbdür-Rəşid əl-Bakuvi, türk səyyah-tarixçisi Övliya Çələbi, alman səyyahları Adam Oleari və İohan Şiltberqer, fransız səyyahları Jan Şarden, Jan Babtist Tavernye, isveçrəli Frederik Debua de Monpere, flamand səyyahı Vilhelm de Rubruk, portuqaliyalı diplomatik nümayəndələrdən Antonio Tenreiro, Mestre Afonso, ispaniyalı diplomat Ryu Qonsales de Klavixo, venesiyalı səyyahı Josophat Barbaronun təsirlənərək bəhs etdiyi Naxçıvan təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın ən qədim və zəngin mədəniyyət beşiklərindən biridir. Tarix, mədəniyyət və təbiət möcüzələrinin birləşdiyi bu diyar həm qədim ənənələrini, həm də müasir inkişafını qoruyaraq irəliləyir. "Şərqin qapısı", "Nəqş-i Cahan", "Nuhun diyarı" adları ilə tanınan bu torpaq 2018-ci ildə həm İslam mədəniyyətinin paytaxtı, həm də Gənclər paytaxtı seçilib.
Ulu öndər Heydər Əliyev Naxçıvan haqda demişdir: “Naxçıvan mənim ana torpağımdır”, “Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmişdir. Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına dəyərli töhfələr vermişdir. Naxçıvanlıların öz fədakarlığı, işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir, Naxçıvanda quruculuq prosesləri gedir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə bölgəni bu sözlərlə təsvr etmişdir: “Gözəl təbiəti, iqlimi, havası, mənzərəsi, binaları və ən önəmlisi gözəl insanları olan möhtəşəm bir məkan var – bu məkanın adı Naxçıvandır”.
Naxçıvanın əsrarəngiz sirləri çoxlarını valeh etmişdir. Təsadüfi deyil ki, sovet kosmonavtı Aleksey Leonov etiraf etmişdir ki, “kosmosdan yer kürəsi son dərəcə gözəl, çəhrayı bir rəngdə görünür. Yerə qayıdandan sonra hara yolum düşürdüsə həmin rəngi axtarırdım. Nəhayət, Naxçıvanda tapdım. Kosmosdan baxanda bütün Yer kürəsi Naxçıvanın torpağının rəngində görünür”.
Mədəniyyətin və folklorun beşiyi
Naxçıvan folklorunun ayrılmaz hissəsi olan yallı, köçəri, tənzərə rəqsləri UNESCO-nun “Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısı”na daxil edilib. “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarının yayıldığı tarixi-coğrafi ərazi olan bu diyar eyni zamanda Azərbaycan ədəbiyyatına və elm dünyasına böyük dühalar bəxş edib. Hürufiliyin banisi Fəzlullah Nəimi, Nəsirəddin Tusi, Baba Nemətullah Naxçıvani, Hinduşah Naxçıvani, Yusif Məmmədəliyev, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Əliqulu Qəmküsar, İslam Səfərli, Eynalı bəy Sultanov, Məmməd Araz, Bəhruz Kəngərli bunlardan bir neçəsidir...
Abidələr, türbələr, xanəgahlar, qoruqlar
Naxçıvan dini və tarixi abidələri ilə də məşhurdur. Burada həm islam memarlığının, həm də daha qədim inancların izlərini görmək mümkündür: Möminə Xatun türbəsi, Yusif Küseyiroğlu türbəsi, Nuh peyğəmbərin türbəsi, Qarabağlar türbəsi, Gülüstan türbəsi, İmamzadə türbəsi, Naxçıvan Xan Sarayı, Şərq hamamı, Qeysəriyyə, Ordubad mədrəsəsi, “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu...
Bunlarla yanaşı, bölgədə məscidlər və pirlər də mövcuddur. Heydər məscidi, Came məscidi, Ambaras məscidi, Sərşəhər məscidi, Mingis məscidi...
Pir Xamuş (Pir Qəmiş), Pir Yaqub, Xudu-Divanə, Şeyx Əbu Səid, Pir Eyvaz, Baba Yaqub, Xanağa, Piri-Süleyman, Piri Baba xanəgahları, İsfəndiyar zaviyəsi, Vənəndçay vadisindəki sufiliklə bağlı mərkəzlər...
Ağzirət piri, Asnı piri, Aşağı Buzqov piri, Ərəfsə piri, Kilit piri, Malik İbrahim piri, Miranşah piri, Seyid Sultan Səfi piri, Üstüpü piri kimi müqəddəs yerlər də mövcuddur.
Təbiət möcüzələri: dağlar, bulaqlar və iqlim kontrastı
Naxçıvan təbiətinin ecazkarlığı həm onun dağları, həm də müalicəvi suları ilə bağlıdır. Əsas dağ silsilələri və zirvələri arasında Dərələyəz silsiləsi, Zəngəzur dağları, Salvartı dağı, Nəhəcir dağı, Küküdağ, İlanlı dağı kimi məşhur adlar var.
Maraqlıdır ki, Naxçıvan Azərbaycanın həm ən isti, həm də ən soyuq bölgəsidir. Batabat gölü, Göygöl, Qanlıgöl, qədim petroqlifləri ilə məşhur Gəmiqaya Naxçıvanın unikal təbiət məkanlarıdır.
Mineral bulaqları isə təkcə Azərbaycanın deyil, dünyanın ən dəyərli təbii sərvətlərindəndir: Sirab, Badamlı, Vayxır, Parağa, Pəzməri, Darıdağ, Gülüstan... Bu mineral sular insan sağlamlığı üçün çox faydalıdır və Naxçıvanın adını dünya səviyyəsində tanıdır.
Əshabi-Kəhf – əfsanənin daşlara yazıldığı məkan
Naxçıvanın mistik qayalıqlarında, səmanın torpaqla qovuşduğu bir nöqtədə əsrlərin pıçıltısı hələ də eşidilir. Bura “Əshabi-Kəhf” – sirr dolu bir mağara, inamın sığınacağı, möcüzənin iz qoyduğu yerdir.
“Əshabi-Kəhf” təkcə bir mağara deyil – bu, zamana meydan oxuyan, inamın gücünü təsdiqləyən, ruhun sükuta büründüyü bir müqəddəs məkandır. Daşların soyuqluğu içində bir istilik var – bu, min illərdir bura üz tutanların dualarından doğan ilahi bir enerjidir.
Bu müqəddəs məkana ayaq basan hər kəs mağaranın dərinliklərindən gələn, sanki əsrlərin arxasından pıçıldayan o sirli səsi duyur: “Bura yalnız daş divarların arasında gizlənən bir mağara deyil. Bura inamın sınandığı, möcüzənin yazıldığı, zamanın özü qədər qədim bir sirrdir”.
Duzdağ – sağlamlığın və əfsanənin beşiyi
Naxçıvanın qoynunda, dağların susqun əzəməti içində Duzdağ öz sirli tarixi ilə zamanın dərinliklərindən boylanır. Bu, təkcə bir duz yatağı deyil – minilliklərin izlərini qoruyan, nəfəs alan bir abidədir. Duzdağ dünyanın ən qədim duz mədənlərindən biri sayılır.
Duzdağın qoynundakı şəfa məkanları, xüsusən Duzdağ Fizioterapiya Mərkəzi, minlərlə insanın sağalmaq ümidi ilə gəldiyi müqəddəs bir ocaqdır. Burada havada nə nəmlik var, nə də allergenlər. Sanki təbiət özü bu mağaraları insan nəfəsi üçün yaratmışdır. Astma və tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlər üçün bura təbii bir şəfa mənbəyidir – insanın ruhu burada nəfəs alır, bədəninə yeni həyat axını dolur.
Duzdağ yalnız sağaldıcı təsiri ilə deyil, həm də öz səssiz möhtəşəmliyi ilə heyran qoyur. Duzdan hörülmüş divarlar, əsrlərin nəfəsi ilə bərkiyən mağaralar insanı başqa bir zamana aparır. Burada keçmişin pıçıltıları, sanki duz kristallarının içində donmuş halda gözləyir.
Kim bilir, bəlkə də Duzdağın dərinliklərində hələ kəşf olunmamış sirrlər yatır... Bura duzun sadəcə bir dad olmadığını, həm də tarix, möcüzə və şəfa olduğunu sübut edən bir yerdir.
Naxçıvanın gizli sirlərini aşkar edən digər mağaralar
Qazma mağarası, Daşqala mağarası, Vəlibaba mağarası, Alməmməd mağarası...
Ağbulaq – təbiətin qoynunda sakitlik və macəra
Səhərin ilk şəfəqləri Ağbulaq dağlarının zirvələrini nurlandırarkən, bu yerin ecazkar gözəlliyi insana sanki nağıllardan çıxmış bir dünyanın qapısını açır. Burada hava elə safdır ki, dərin nəfəs aldıqca, ruhunuz da bu təmizlikdən pay alır. Dağlar baş-başa verib sanki sakitlik nəğməsi oxuyur, küləyin hər bir pıçıltısı isə əzəli təbiətin hikmətindən xəbər verir.
Ağbulaq İstirahət və Xizək Mərkəzi, dörd mövsüm öz cazibəsini qoruyub saxlayan nadir məkanlardan biridir. Yayın sərin sabahlarında yaşıllıqlarla örtülmüş yamaclarda gəzmək, payızın zərif xəzəlləri altında xəyallara dalmaq, qışın ağappaq örtüyündə xizək sürmək və yazın canlandırıcı nəfəsini duymaq – burada hər an öz rəngini, öz ahəngini tapır.
Tarixi müqavimət və döyüş ruhunun simvolu
Naxçıvan tarix boyu həm elm və mədəniyyət beşiyi, həm də qəhrəmanlıq mübarizəsinin simvolu olmuşdur. Dünya fatehi Əmir Teymur üçün əlçatmaz olan Əlincə qalası bu torpağın mətinliyini sübut edən ən önəmli abidələrdən biridir.
Eyni zamanda, Naxçıvan erməni barbarları ilə qəhrəmancasına mübarizə aparan bir diyar kimi Azərbaycan tarixində mühüm yer tutur.
Müstəqillik yolunda cəsarətli addımlar
Naxçıvan təkcə tarixi və mədəni irsi ilə deyil, həm də müasir Azərbaycan tarixində oynadığı mühüm rolla seçilir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı tarixi qərar məhz burada qəbul olunub. Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvanda yenidən dövlət rəmzi kimi qaldırılıb.
Naxçıvan həmçinin “sovet” və “sosialist” kimi ifadələrin ilk dəfə rəsmi sənədlərdən çıxarıldığı yer kimi də tarixə düşüb.
Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuş, şair, dramaturq Hüseyn Razinin “Azərbaycan gözəliyəm” şeirində deyildiyi kimi:
Naxçıvanam! Azərbaycan gözəliyəm,
Sözün, eşqin, düz ilqarın əzəliyəm.
Mən bir eləm,
Nurlu şəlaləyə dönən,
İşıqların gurşadında şölələnən
Araz üstə Çənlibeləm...
Odum, suyum məlhəm olmuş
İgidlərin yarasına.
Od çaxarlı, sel axarlı
Havaların sırasına
Mən “Cəngi”ni gətirmişəm.
Zirvələrim ağ çalmalı,
Çiçəklərim şeh sırğalı,
Yamaclarım zümrüd xalı,
Çaylarımın şaqqıltısı
Yüz Koroğlu nərəsindən,
Yüz Qıratın nal səsindən
Misri qılınc zərbəsindən qopan səsdir.
Düşmənimə kinim oxdur,
Dostlarıma məhəbbətim müqəddəsdir,
Sədaqətim müqəddəsdir.
Ləl-cəvahir töhfəsiyəm
Bizim odlar diyarına.
Memarlığın gülzarına,
Əcəminin zər naxışlı,
Ulduzlardan yaraşıqlı,
Yüz rəngini gətirmişəm.
Heyran xanım övladıma
Şirin dillə,
Yüz nisgillə layla çalıb.
Şərqin neçə sənətkarı,
Qucağımda vəcdə gəlib ilham alıb.
Hər daşımdan od ürəkli
Babaların səsi gəlir
Bir nəğməyəm hər xalımdan
Neçə nəğmə bəstələnir.
Təmiz eşqin alovunda yana-yana,
Şeir adlı gülüstana,
Mən Cavidin rübabıyla,
Romantika çələngini gətirmişəm.
Torpağıma Xəzər boyda tər tökülüb,
Bəhruzumun fırçasından
Ulduz-ulduz zər tökülüb
Əcdadımın yüz əhdini
Nərmənazik dilim kimi
Vüqarım, sevgilim kimi
Öz bağrımda yaşatmışam.
Ürəyimi telli sazla,
Xoş avazla boşaltmışam.
Mizrabımı telə çəkib,
Xoş səsləri zilə çəkib
Məmməd Səid qələmiylə
Nəsrə şeir ahəngini gətirmişəm.
İllər boyu hicran odu, sehr, cadu,
Gözlərdəki qəm buludu
Parçalanıb qılıncımla.
Yüz tilsimi, yüz əfsunu
Nəfəsimlə əritmişəm damla-damla.
Mirzə Cəlil süd əmmişdir döşlərimdən,
O ustadın şəxsində mən
Sözün cıdır meydanına,
Satiranın pələngini gətirmişəm,
Sənətkarın nəhəngini gətirmişəm.
İndi bahar səmasıtək
İşıqlıdır ömrüm, günüm,
Dan yerinin şöləsidir təbəssümüm.
Saçım ağdır neçə əsrin övladıyam,
Fəqət yeni zəmanənin Fərhadıyam.
Öz eşqimlə, hünərimlə
Yanar dağam.
Araz üstə məşəl kimi, daha parlaq olacağam.
Bu gün ellər məclisinə
Arzuların, əməllərin
Qəşəngini gətirmişəm,
Qəşəngindən qəşəngini gətirmişəm.
Yunis Xəlilov
Hüquqşünas