AZ

Françesko Totti: “Mən idmançıyam, siyasətçi deyiləm”

İtaliya futbolunun əfsanəsi, “Roma”nın keçmiş kapitanı və hücumçusu Françesko Totti Moskvaya gözlənilən ezamiyyətindən danışıb.

Arena.az ANSA agentliyinə istinadən, Tottinin müvafiq qənaətini təqdim edir:

“Mənim Moskvaya bir neçə günlük ezamiyyətim xəbəri sonsuz mübahisələrə yol açıb. Amma mən siyasətçi və ya diplomat deyiləm, mən öz dəyərlərini bütün dünyaya tanıdan idmançıyam. Mən bunu həmişə etmişəm: əvvəlcə bir futbolçu, indi isə yeni qismimdə. Uzun illər ərəzində mən, dəvət edildiyim bütün ölkələrə yollanmışam ki, idman haqqında danışım. Mənim, eyni məqsədlərlə Kiyevə də getməkdə bir fəsadım olmazdı.

Buna rəğmən, əgər mən səlahiyyətli qurumdan Moskvadakı tədbirdə iştirak etməmək xahişi alsaydım, onda, bir dəqiqə belə, tərəddüd etmədən geriyə addım atardım. Yerdə qalanlar, düşünürəm ki, sadəcə riyakarlıq və mənim adım üzərindən seçilmək istəyənlərin uydurmasıdır”, deyə Totti vurğulayıb.

Xatırladaq ki, aprel ayının 8-də Tottinin Moskvada baş tutacaq beynəlxalq tədbirə ezamiyyəti gözlənilir.

Daha əvvəl bu tədbirə səfəri ilə bağlı Tottiyə, böyük uğursuzluqlar və qalmaqallar müqabilində təqdim edilən “Qızıl tapir” məzhəkəli mükafatının təqdim edildiyi haqda məlumat yayılıb.

Françesko Totti 1992/1993-cü illər mövsümündən 2016/2017-ci illər mövsümünə qədər “Roma”nın futbolçusu olub. İtaliyan hücumçu bu müddətdə “canavalar”ın heyətində bütün yarışlarda 785 oyunda iştirak edib, 307 qol vurub, 210 məhsuldar ötürmə verib.

Totti “Roma” ilə İtaliya A Seriyasının (2000/2001), İtaliya Kubokunun (2006/2007, 2007/2008), İtaliya Super Kubokunun (2001/2002, 2007/2008) qalibi olub. Françesko 2006/2007-ci illər mövsümündə 26 qolla A Seriyasının ən sərrast futbolçusu olub. Əfsanəvi futbolçu həmçinin 5 dəfə (2000, 2001, 2003, 2004, 2007) İtaliyada ilin futbolçusu seçilib.

Totti İtaliya yığmasında 1998-ci ilin oktyabrında debüt edib, 58 oyuna 9 qol, 25 məhsuldar ötürmə ilə fərqlənib. Françesko “skuadra adzurra” ilə 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatının (DÇ-2006) qalibi olub.

Xatırladaq ki, Françesko Totti 2017-2019-cu illərdə “Roma”nın direktoru vəzifəsində çalışıb.

Totti “Roma” azarkeşlərinin sevimlisidir və “canavarlar”ın canlı əfsanəsi qəbul edilir.

Seçilən
45
arena.az

1Mənbələr