Qəzza zolağında kütləvi etirazlar və İsrailin yeni quru əməliyyatı təhlükəsi fonunda Fəthin yüksək səviyyəli rəsmisi Səbri Səydəm "HƏMAS"-ı öz siyasətlərinə yenidən baxmağa və daha çox qan tökülməsini dayandırmaq üçün Ərəb Sülh Təşəbbüsünü qəbul etməyə çağırıb.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi "Vafa"-nın yaydığı məlumata görə, "HƏMAS" hakimiyyətinə qarşı nümayişlər dalğası bütün Qəzza zolağına yayılır.
Etirazçılar “Fələstin xalqının gələcəyi əsl milli kimlikdən uzaq olan məzhəb və regional maraqlarla müəyyən edilməməlidir” deyərək, terror təşkilatını siyasi qərarlar üzərində monopoliyasından əl çəkməsini tələb edirlər.
"FƏTH" Mərkəzi Komitəsinin baş katibinin müavini Səbri Səydəm Fələstinin səsi radiosuna verdiyi açıqlamada bildirib ki, "HƏMAS" böhranın miqyasını tanımalı və baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməlidir:
“Təşkilat öz strategiyasını daxilən yenidən qiymətləndirməli və ərəb təşəbbüsü ilə razılaşmalıdır ki, bu da müharibənin sona çatması istiqamətində real addım ola bilər”.
Səydəm qeyd edib ki, fələstinlilərin bu qədər mülki itkilərin səbəbi ilə bağlı cavab tələb etmək hüququ var. O, "HƏMAS"-ı “çoxsaylı qırğınlar” törətməkdə və anklavda humanitar vəziyyəti daha da pisləşdirməkdə ittiham edib.
“Xüsusən indi, İsrail Qəzza zolağında genişmiqyaslı əməliyyatları bərpa etməyə hazır olduğunu açıq şəkildə bəyan etdiyi bir vaxtda daha çox qan tökülməsinin qarşısını almaq üçün ölçülmüş və məsuliyyətli mövqe lazımdır”, - Səydəm əlavə edib.
S.Laçın