Kiyev, 27 mart, AZƏRTAC
Amerikanın vasitəçiliyi ilə Ukrayna və Rusiya enerji infrastrukturunun vurulmaması, Qara dənizin təhlükəsizliyinə dair ilkin razılaşma əldə edib. Ancaq bu razılaşmanın yerinə yetirilməsinin mexanizmi hələ də müzakirə olunmaqdadır. İndi müzakirəyə səbəb olan əsas məsələlərdən biri isə atəşkəsə monitorinqin necə tətbiq ediləcəyidir.
Ən çətin və ziddiyyətli məqam atəşkəsin pozulmaması üçün şəffaf monitorinqi həyata keçirməkdir. Ukrayna Prezidenti Volodimir Zelenski bununla bağlı deyib ki, monitorinqi üçüncü ölkələr - Amerika, Türkiyə və Avropa ölkələri həyata keçirə bilər.
Ukraynalı siyasi ekspert İvan Us AZƏRTAC-a açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanında Amerikanın vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında əldə olunan razılşamaya necə əməl olunacağını söyləmək olduqca çətindir.
“Görünən odur ki, Ukrayna və Rusiya enerji, neft obyektlərinin vurulmamasına razılıq verib. Burada balans qorunub. O ki qaldı Qara dənizin təhlükəsizliyi məsələsinə, bunu proseslər göstərəcək. Qara dənizdə “taxıl sazişi” böyük rol oynadı. 2022-ci ilin iyulundan 2023-cü ilin iyuluna qədər bu saziş qüvvədə oldu. Lakin Ukrayna 2023-cü ilin dekabrından taxıl daşımalarını bərpa etdi. Alternativ dəhlizlərlə tək taxıl deyil, kənd təsərrüfatı məhsullarını ixrac etməyə başladı. Yəni, Ukrayna kritik asılılığı olmadan alternativ yollarla taxıl və digər məhsulları daşıdı. Amerika ilə Rusiya arasında razılaşmanın bir bəndində isə Qara dənizdə Rusiya kənd təsərrüfatı və gübrə məhsullarının ixracının bərpası məsələsi var. Hansı ki, Ukrayna bu bəndə etiraz edir. Rusiya isə ukraynalı hərbi əsirlərin və uşaqların geri qaytarılmasına dair Ukrayna və Amerika arasında razılaşmaya etirazını bildirir”, - deyə İvan Us qeyd edib.
Ekspert hesab edir ki, əsas problem əgər razılaşma olarsa, atəşkəsin pozulması ilə bağlı monitorinqin aparılmasıdır.
“Əslində, bunun texniki mümkünlüyünə hələ ki, şübhələrim var. Görünür, atəşkəsə montorinqin tam həyata keçirilməsinin mexanizminin tapılması üçün məsləhətləşmələr, görüşlər davam edəcək”, - deyə ukraynalı ekspert vurğulayıb.
Amerika Prezidenti Donald Tramp da Rusiya və Ukraynanı atəşkəs sazişinin imzalanmasını uzatmaqda ittiham edib. Ukrayna Prezidenti Volodimir Zelenski isə qeyd edib ki, Ukrayna Rusiyanın Qara dənizdəki qida dəhlizinə nəzarət etmək istəyi ilə razılaşmayacaq. Bütün bu kimi faktlar göstərir ki, bu razılaşmanın real olaraq atəşkəs və ya imitasiya olacağını zaman göstərəcək. Hələ ki silahlar susmur, qarşılıqlı hava hücumları davam edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev