Türkiyə Statistika Təşkilatı (TÜİK) fevral ayı üzrə işçi qüvvəsi statistikalarını açıqlayıb.
Marja xəbər verir ki, ölkədə mövsümi amillər xaric işsizlik səviyyəsi fevral ayında 8,2 faizə düşüb. Yanvarda işsizlik 8,4 faiz təşkil etmişdi. İşsizlik nisbəti kişilər üzrə 6,7 faiz, qadınlar üzrə isə 11 faiz təşkil edib.
İşsizlərin sayı 2025-ci ilin fevral ayında əvvəlki ayla müqayisədə 95 min nəfər azalaraq 2 milyon 886 min nəfərə geriləyib.
TÜİK-in məlumatına görə, işsizlik 2012-ci ilin iyul ayından bəri ən aşağı səviyyəyə düşüb.
Gənclər arasında işsizlik 15 faizdir
15-24 yaşlı gənclər arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 0,1 bənd artaraq 15 faizə çatıb. Bu yaş qrupunda işsizlik nisbəti; Kişilər üzrə 10,8 faiz, qadınlar üzrə isə 22,7 faiz olub.
Məşğulluq nisbəti 48,8 faizə düşüb
2025-ci ilin fevral ayında məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 149 min nəfər azalaraq 32 milyon 314 min nəfərə, məşğulluq nisbəti isə 0,3 bənd azalaraq 48,8 faizə düşüb. Bu göstərici kişilərdə 66 faiz, qadınlarda isə 31,9 faiz təşkil edib.