Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, Deputatın köməkçisi Əfsun Əlizadə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ müharibəsi əlili Bəhruz Əlieyev, şəhid valideyinləri, qazilər, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi və bir qrup müəllim heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideynlərinə baş sağlığı verilmişdir.
Vətən müharibəsinin şəhidi Məmmədov İlkin Fərhad oğlu – 27 mart 2002-ci ildə Biləsuvar şəhərindəanadan olmuşdur. 2007-2018-ci illərdə K.Ağayev adına Biləsuvar şəhər İnternat Tipli məktəbdə, 2018-2020-ci illərdə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində bərbər ixtisası üzrə təhsil almışdır. 2020-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 6 noyabr 2020-ci ildə Biləsuvar şəhər qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetridiyi üçün Məmmədov İlkin Fərhad oğlu ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!