19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması (U-19) bu gün Avropa çempionatının əsas seçmə mərhələsində ikinci oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Xorvatiyada təşkil olunan təsnifat matçlarında İlqar Aslanovun yetirmələri yerli futzalçılara qarşı mübarizə aparıblar.
Oyuna xorvatlar qolla başlasalar da, milli komandamız Fariz Hüseynov və Ədalət Ələkbərovun fərqlənməsi sayəsində fasiləyə üstün yollanıb.
Ancaq ikinci hissə həmyerlilərimizin istəyinə uyğun keçməyib. Əvvəlcə yığmamızın kapitanı, qapıçı Hüseyn Abdulov qırmızı vərəqə ilə cəzalandırılıb. Hesabı bərabərləşdirən Xorvatiya yığması sona 13 saniyə qalmış hesabda önə keçib. Buna baxmayaraq, yığmamız təslim olmayıb və final fitinə 1 saniyə Ədalət Ələkbərov hesabı bərabərləşdirib - 3:3.
Birinci turda Bosniya və Herseqovinaya 2:10 hesabı ilə uduzan milli komandamız Avropa çempionatına çıxmaq üçün nəzəri şansını saxlayır.