19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının əsas mərhələsində bu gün növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv qrup oyunlarına ev sahibliyi edən Xorvatiya yığması ilə üz-üzə gəlib.
Qarşılaşma Xorvatiyanın Omiş şəhərindəki “Ribnyak” İdman Sarayında baş tutub. Matçı Liviu Dumitru Çita (Rumıniya), Filipa Prata (Portuqaliya) və Rastislav Behancindən (Slovakiya) ibarət hakimlər briqadası idarə edib.
Qrupun favoritlərindən sayılan xorvatlar 3-cü dəqiqədə hesabı açsalar da, futzalçılarımız fasiləyə üstün yollanmağı bacarıblar. 7-ci dəqiqədə Fariz Hüseynov tablodakı rəqəmləri eyniləşdirib. 10 dəqiqə sonra Ədalət Ələkbərov millimizi hesabda önə keçirib. İkinci hissədə də komandamızın fərqi artırmaq üçün imkanları olub. Ancaq 27-ci dəqiqədə yığmamız meydanda azlıqda qalıb. Abdulov rəqib hücumunun qarşısını alan zaman cərimə meydanından kənarda topu əli ilə qaytarıb ki, belədə referi qırmızı vərəqədən istifadə edib. 2 dəqiqə azlıqda mübarizə aparan futzalçılarımız rəqibə fərqlənmək imkanı verməyiblər. 35-ci dəqiqədə hesab yenidən bərabərləşib. Son dəqiqə azı 2 epizodda futzalçılarımız topu rəqibdən “oğurlasalar” da, boş qapıya düşə bilməyiblər. Meydan sahibləri isə sona 12 saniyə qalmış daha bir qol vurublar. Amma sona qədər mübarizəni davam etdirən futzalçılarımız son saniyə qolu ilə tarixi nəticə qazanıblar. Belə ki, bu heç-heçə U-19-un AÇ-nin əsas mərhələsində qazandığı ilk xal olub.
Xatırladaq ki, 7-ci qrupda yer almış U-19 millimiz ilk turda Bosniya və Herseqovina yığması ilə qarşılaşmış və 2:10 hesabıyla məğlub olmuşdu. Komandamız qrupdakı sonuncu matçını martın 29-da Türkiyə yığmasına qarşı keçirəcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.
AÇ-2025-in əsas seçmə mərhələsi
7-ci qrup, 2-ci tur
27 mart
Xorvatiya – Azərbaycan 3:3
Qollar: Leon Ferençek, 2:48; 34:24. İvan Posaveç, 39:48 – Fariz Hüseynov, 6:56. Ədalət Ələkbərov, 16:11; 39:59.
Qırmızı vərəqə: Hüseyn Abdulov, 26:02.
Hakimlər: Liviu Dumitru Çita (Rumıniya), Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya).
Timekeeper: Luka Kovaç Levantin (Xorvatiya).
Hakim-inspektor: Viktor van Helvoirt (Niderland).
UEFA nümayəndəsi: Fabrisio Di Feliçe (İtaliya).
Omiş. “Ribnyak” İdman Sarayı. Saat 22:00.
Xorvatiya: 12. Leon Tomiç, 6. Sven Kuliç, 7. Şimun İvo Barişiç (k), 10. Leon Ferençek, 14. Petar Şarçeviç, 1. Marin Yuriç, 3. Tomislav Miliç, 4. Nikola Matiç, 5. Dino Paçko, 8. İvano Peruşko, 9. Pino Reçiç, 11. İvan Posaveç.
Baş məşqçi: Duye Maretiç.
Azərbaycan: 1. Hüseyn Abdulov (k), 5. Rəvan Məşiyev, 6. Oqtay Mahmudzadə, 7. Ədalət Ələkbərov, 9. Pünhan Qasımzadə, 12. Əli Həsənzadə, 10. Nazim Hüseynov, 2. Elgün Sadıqlı, 8. Hüseyn Cəfərzadə, 11. Bəyoğlan Vəlizadə, 13. Fariz Hüseynov, 14. Rəvan Quliyev.
Baş məşqçi: İlqar Aslanov.