19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin (U-19) baş məşqçisi İlqar Aslanov Xorvatiyaya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, bu gün Avropa çempionatının (AÇ-2025) əsas seçmə mərhələsi çərçivəsində Xorvatiyanın Omiş şəhərindəki “Ribnyak” İdman Sarayında meydan sahibləri ilə qarşılaşan U-19 millimiz bu oyundan heç-heçə ilə ayrılıb – 3:3.
Milli komandamızın baş məşqçisi İlqar Aslanov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında heç-heçə barədə bunları söyləyib:
“Xorvatiya millisi Avropanın güclü komandalarından biridir. Çətin görüş olacağını bilirdik. İlk oyunda Bosniya və Herseqovinaya məğlubiyyət də sanki uşaqları ayıltmışdı. Çünki dünənki görüşdən fərqli olaraq, bu dəfə rəqibdən çəkinmədilər. Hətta hesabı onlar açsa da, ardıcıl qollar vurmağımız uşaqları daha da həvəsləndirdi, özünəinamı artırdı. Bu gün əzmkarlıq göstərdik. Rəqibi də yaxşı öyrənmişdik. Bilirdik ki, ilk saniyələrdən pressinq edəcəklər. Bu təzyiqə hazır idik və bizim də öz cavablarımız oldu.
Qazanılan xala görə komandamı təbrik edirəm. Bu, U-19-un tarixində əsas mərhələdə qazanılan ilk xaldır. Oyunlar çox keçirdikcə, uşaqlarda inam artacaq, təcrübə də qazanacağıq, nəticələrimiz də yaxşı olacaq”.
Qeyd edək ki, U-19 millimiz qrupdakı növbəti oyununu martın 29-da Türkiyə yığmasına qarşı keçirəcək. Bu matç Bakı vaxtı ilə saat 19:00-da start veriləcək. İlqar Aslanovun yetirmələri AÇ-nin əsas mərhələsindəki ilk oyununda Bosniya və Herseqovinaya 2:10 hesabıyla uduzmuşdular.